Birləşmiş müxalifətin baş nazirliyə namizədi, sabiq baş nazir Vazgen Manukyan ona qarşı açılan cinayət işini siyasi motivli hesab edir.
Teleqraf.com xəbər verir ki, o, bunu Ermənistan İstintaq Komitəsinin binasının girişində jurnalistlərə verdiyi açıqlamada söyləyib.
“Mənə verəcəkləri suallar məni maraqlandırmır, çünki heç birinə cavab vermək, eləcə də hər hansı bir dəlil təqdim etmək niyyətində deyiləm. Nə istəyirlər, etsinlər”, - Manukyan qeyd edib.
O, hər hansı bir statusda mübarizəsini davam etdirmək və Ermənistan Baş naziri Nikol Paşinyanın istefasına nail olmaq niyyətində olduğunu deyib. Manukyan həbs ediləcəyi təqdirdə minlərlə başqa vətəndaşın bu işi davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Vazgen Manukyan bundan əvvəl ifadə üçün İstintaq Komitəsinə çağırılıb. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci (Ermənistan Respublikasının konstitusiyasını zorakılıqla dəyişdirilməsinə açıq çağırışlar) maddəsi üzrə cinayət işi açılıb.
Manukyan Ermənistan Silahlı Qüvvələrini Paşinyanı devirmək və parlamenti ələ keçirməyə çağırmışdı. O, hakimiyyəti sürətlə ələ keçirmək üçün plan hazırladığını da demişdi.