Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı ənənəvi müxalifətdən kənar yeni qüvvə - "Üçüncü güc" adlı təşkilat yaradılıb.
Teleqraf.com xəbər verir ki, “Üçüncü güc”ə Tovmasyan Fondunun rəhbəri Artak Tovmasyan rəhbərlik edəcək.
Martın 11-də “Üçüncü güc”ün ilk iclası keçirilib.
Artak Tovmasyan gələcək planları haqqında danışarkən bəyan edib ki, siyasi qüvvə yaratmaq və seçkilərdə iştirak etmək niyyətindədirlər: “44 günlük müharibədə ağır məğlubiyyət bizim üçün yeni bir gündəmi diktə edib. Siyasətə qarışmaq barədə heç düşünmədim, heç bir güc strukturunda işləmək və ya iştirak etmək planlarım olmayıb. Bugünkü arzuolunmaz hadisələrə baxmayaraq, yeni bir siyasi qüvvə yaratmağa və onunla seçkilərə getməyə qərar verdik”.
Tovmasyan təşəbbüsün hər kəs üçün açıq olduğunu və bu çərçivədə böhrandan çıxmaq üçün təklifləri qəbul edəcək bir işçi qrupu yaradıldığını, əgər fikir birliyi olarsa, təkliflərin müəlliflərinin siyasi iştiraka dəvət ediləcəyini açıqlayıb.
Bildirib ki, ölkədəki mövcud vəziyyət sərt qərarlar qəbul etməyi məcbur edir: “İlk dəfədir ki, hökumətimizin ölkəmizdə xain adlandırıldığını görürük. Hakimiyyətlə müxalifət arasındakı qarşıdurma getdikcə kəskinləşir və ölkə vətəndaş müharibəsi ərəfəsindədir”.
O deyib ki, tərəfdarları ilə bir araya gələrək mövcud hakimiyyətə qarşı mübarizəmizi elan etməyə qərar veriblər: “Əminəm ki, bu günlərdə prioritet hədəfə, yəni hakimiyyətin istefasına nail olacağıq”.
Məlumat üçün bildirək ki, 2020-ci ilin dekabr ayında Artak Tovmasyan bəyan etmişdi ki, işini bilən, siyasətlə əlaqəsi olmayan və öz sahələrində uğurlar qazanan mütəxəssislərdən ibarət yeni bir komanda quracaq.
Ermənistanda müşahidə olunan gərgin hərbi-siyasi atmosfer konteksində Artak Tovmasyanın ortaya çıxması təsadüfi sayıla bilməz. Hadisələr göstərdi ki, nə mülki, nə də hərbi müxalifət Paşinyana qarşı mübarizədə uğur əldə edə bilmədi. Buna səbəb köhnələrin erməni xalqına 20 il müddətində qan uddurması, ölkədə rüşvət və korrupsiya sxemi yaratması olub, üstəlik “Qarabağ klanı” damğası... Ermənistanı idarə etmək düşüncəsi Ermənistanda yaşayan yerli erməniləri Paşinyanın arxasında dayanmağa sövq edir. Bu mənada Tovmasyanın ortaya çıxması maraqlıdır.
Tovmasyan İrəvanda anadan olub, bu şəhərdə İqtisadiyyat Universitetini bitirib. 1993-cü ildə Markisizm-Leninizm insititutunun məzunu olub. Müxtəlif kommerisya qurumlarında işləyib. 1996-1999-cu illərdə Rusiyada hüquq üzrə elmi iş müdafiə edib.
1999-2002-ci illərdə “Agrans-Center” Federal Maliyyə və Sənaye Qrupunun prezidenti olub. 2001-2003-cü illərdə Ümumrusiya “Əlillər Daxili Qoşunları” Fondunun sədrinin müşaviri və Ermənistanda Tenisin İnkişafı Fondunun vitse-prezidenti olub. 2002-ci ildə Ermənistanın Krım Muxtar Respublikasındakı Fəxri konsulu təyin edilib.
Biznesmen olan Artak Tovmasyan həm də “Tovmasyan” Fondunun prezidentidir.