“Vazgen Manukyan yenə məğlub oldu. Manukyan birinci dəfə 1996-cı ildə prezident seçkiləri zamanı rəqibi Levon Ter-Petrosyana məğlub oldu, etiraz olaraq aksiyalar keçirdi, ancaq polis və ordu qüvvələri onun tərəfdarlarını küçələrdən qovdu. Manukyan ikinci dəfə 25 il sonra Levon Ter-Petrosyanın keçmiş tələbəsinə - Nikol Paşinyana məğlub oldu”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Ermənistanın 17 siyasi partiyası müharibədə ağır məğlubiyyətdən sonra Paşinyanın istefasını tələbi məqsədilə “Vətənin xilası naminə hərəkatı”nı təsis edib:
“Hərəkat 74 yaşlı Vazgen Manukyanı özünə lider seçərək onun müvəqqəti baş nazir olması tələbini irəli sürdü. Ancaq 17 müxalifət partiyası təxminən 4 ay ərzində keçirdiyi mitinqlərə bir neçə mindən artıq erməni toplaya bilmədi. Çünki ermənilərin əksəriyyəti həm müharibədəki məğlubiyyətlə, həm də Paşiyanın baş nazirliyinə davam etməsiylə barışmışdı.
Paşinyan iyunun 20-də erkən parlament seçkisi elan etməklə müxalifəti parçalamağa müvəffəq oldu. Manukyanın müvəqqəti baş nazir xəyalı buxarlandı. Məsələ burasındadır ki, “Vətənin xilası naminə hərəkat”ının iki əsas qurucusu – “Çiçəklənən Ermənistan” və “Vətən” partiyaları parlament seçkisində iştirak edəcəklərini bəyan etdilər, yəni Paşinyanın oyun qaydasına razılaşdılar. Halbuki, Manukyan və onun “hərəkatı” Paşinyanın rəhbərliyi altında erkən parlament seçkisinin qəti əleyhinə idi”.
Elxan Şahinoğlunun fikrincə, Manukyanın dünənki ardıcılları onu yarı yolda buraxdılar:
“Çünki partiyalar anladılar ki, onların siyasi müstəvidə qalmalarının yeganə şansı seçkidə iştirakdan keçir, onsuz da Manukyanın bağırtıları meydana kifayət qədər etirazçı toplaya bilmədi. Nəticə olmadı. Ona görə də Manukyanın və daşnakların arxasına getmənin mənası yoxdur. “Daşnaksütun” partiyası seçkidə iştirak etməyəcəyini yenidən bəyan etdi. Biabır olmaq istəmirlər. Seçkidə iştirak etsələr belə səs qazana bilməyəcəkdilər”.