“Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin məzmunu 2015-ci ilin payızında və 2016-cı ilin qışında dəyişib. Bunun ardınca aprel müharibəsi baş verdi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə müstəqil deputat Tiqran Urixanyanın sualına cavabında deyib.
Paşinyan əlavə edib ki, əgər danışıqlarda iştirak edənlərdən biri dəyişirsə, danışıqlar prosesi məntiqlə dəyişəcək:
“İllər keçəcək, sənədlərin məzmunu açıqlanacaq və danışıqlar prosesinin məzmununun 2015-ci ilin payızında və 2016-cı ilin qışında dəyişdiyini öyrənəcəyik. Bundan sonra 2016-cı ilin yazı gəldi və 2 aprel tarixində müharibə başladı. Danışıqlar prosesinin məzmunu bu anda tam olaraq dəyişdi, bu da mövcud sənədlərlə təsdiqlənir. 2018-ci ildən - baş nazir olduğum müddətdə işlədiyim protokollar var”.
Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın vasitəçilərə Dağlıq Qarabağın statusu ilə bağlı referendumdan narahat olduğunu ifadə edən məktub yazdığına əmindir:
“Onun narahatlığı nə qədər azərbaycanlının Dağlıq Qarabağ sakini hesab ediləcəyinin dəqiq göstərilməməsi ilə bağlı idi. Bu həqiqətdən öyrənirik ki, Dağlıq Qarabağın potensial sakinləri olan azərbaycanlılar da bu referendumda iştirak etməlidirlər, lakin Dağlıq Qarabağ sakini olmaq üçün Dağlıq Qarabağda yaşamaq lazımdır”.