Ermənistan parlamenti bu gün keçirdiyi iclasda “Məcburi hərbi xidmət və ya alternativ xidməti keçməmiş, təlim düşərgələrindən və səfərbərlik çağırışından yayınan şəxslər üçün əfv elan edilməsi haqqında” qanun layihəsini ikinci və son oxunuşda yekdilliklə qəbul edib.
Teleqraf.com xəbər verir ki, əvvəllər ədliyyə nazirinin müavini Armen Ovannisyan 27 yaşınadək sıravi hərbi qulluqçuların və 35 yaşınadək ehtiyatda olan zabitlərin təyin olunmuş qaydada xidmət etmədiklərini qeyd etmişdi.
Amnistiya qanunun qüvvəyə mindiyi andan 27 və 35 yaşınadək olan və 31 dekabr 2021-ci il tarixinədək könüllü olaraq Ermənistana qayıdan vətəndaşlara şamil olunacaq. Bu qanun fərarilərə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal şəkildə iştirak etməyə imkan verəcək.
Əfv Cinayət Məcəlləsinin digər maddələri ilə ittiham olunan vətəndaşlara şamil olunmayacaq.
Ədliyyə Nazirliyinə görə, axtarışda olan 5 mindən çox vətəndaş azad ediləcək, 120-dən çox məhkum qanun layihəsindən bəhrələnə bilər.