Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası parlament seçkilərinin ikinci turunun qaçılmaz olduğuna inanır.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.
Qəzet qeyd edib ki, hakim komanda “Vətəndaş Müqaviləsi” Partiyasının ilk turda 50 + 1% səs qazanmayacağına və digər siyasi qüvvələrin də bu səsi toplamayacağına və koalisiya hökuməti qurula bilməyəcəyinə inanır.
Ermənistan Seçki Məcəlləsinə görə, seçkilərdən sonra koalisiyanın qurulmasına altı gün vaxt verilir. Seçkilərdən sonrakı altı gün ərzində ən çox səs toplayan (54%) üç partiya koalisiya qura bilməsə, ikinci turu təyin ediləcək. İkinci tur ilk səsvermədən 28 gün sonra keçirilməlidir.
Seçkilərin ikinci turu ən çox səs toplayan iki partiyanı (bloku) əhatə edir. Yəni bülletenlərdə ilk iki yeri tutan siyasi qüvvələrin adları yer alacaq. İkinci turda qalib gələn siyasi qüvvəyə avtomatik olaraq parlamentdəki sabit çoxluq üçün lazım olan qədər səs verilir - 54%.
Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq iyunun 7-də başlayıb.