Ermənistanda keçirilən parlament seçkiləri 44 günlük müharibədəki acı məğlubiyətinə baxmayaraq, erməni cəmiyyətinin yenidən Nikol Paşinyana dəstək olması ilə nəticələndi. Bu amil artıq erməni cəmiyyətinin 10 illiklərdir davam edən müharibələrdən yorulduğunu və bunun heç bir perspektivinin olmadığını göstərir. Aydın oldu ki, bütövlükdə erməni cəmiyyəti revanşist fikirləri və təxribatları qəbul etmir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, ermənilər bundan sonra onlar üçün heç bir perspektivi və əhəmiyyəti olmayan müharibələrdə öz övladlarını itirmək istəmir: “44 günlük müharibədəki məğlubiyyətin əsas firuqlarından biri olan Paşinyan seçkilərdə böyük səs çoxluğu ilə rəqiblərini üstələdi. Baxmayaraq ki, ona qarşı Ermənistanın keçmiş prezidentləri və bir sıra dairələr birlikdə mübarizə aparırdı. Bu amil erməni cəmiyyətinin mütləq əksəriyyətinin sülhə tərəfdar olduğunu nümayiş etdirdi”.
Ceyhun Məmmədov hesab edir ki, artıq Ermənistanda yenidən Azərbaycanla hər hansı bir münaqişə vəziyyətinin hansı fəlakətlərə səbəb olacağı düşüncəsində olanlar var: “Bu yanaşmalar müharibə və hərbi təxribat, təhdid ritorikalarının da aradan qalxmasına imkan verəcək. Erməni cəmiyyəti müharibələrdən qarşdurmalardan bezib. Son seçkilər bu cəmiyyətin bundan sonra sülhə doğru yeni dir addım atması kimi də qəbul edilir. Güclü Azərbaycan qarşısında zəif, darmadağın olmuş erməni ordusu, pərən-pərən düşmüş erməni cəmiyyəti, yaranmış olan hakimiyyətsizlik Ermənistanda xalqın mütləq əksəriyyətinin reallığa dəstək olması ilə nəticələndi”.