Bu gün İrəvanda müxalifətin təşəbbüsü ilə parlamentdə “Demarkasiya və delimitasiya məsələləri” mövzusunda dinləmələr keçirilir.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, dinləmələrdə həm müxalifətin “Ermənistan”, həm də “Mənim şərəfim var” bloklarından olan deputatlar, eləcə də hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar, ekspertlər, analitiklər, keçmiş hərbçilər, ictimai xadimlər iştirak edir.
Dinləmələrin hansı nəticə ilə yekunlaşmasından asılı olmayaraq revanşistlər toplaşdığı müxalif düşərgə Ermənistanın Azərbaycanla əlaqələrinin normallaşdırmasına qarşı çıxırlar.
Dinləmələrə “Ermənistan” blokundan olan vitse-spiker İşxan Saqatelyanın sədrlik etməsi əslində hər şeydən xəbər verir.
“Ermənistan” blokunun fraksiya rəhbəri, sabiq müdafiə naziri topal Seyran Ohanyan bildirib ki, hazırda delimitasiya və demarkasiya prosesinə başlamaq üçün lazımi şərait yoxdur.
Şuşada Azərbaycan Ordusunun əlindən son anda qaçıb xilas olan Ohanyan deyib ki, delimitasiyaya başlamaq üçün qarşı tərəf sülhə nail olmalı, diplomatik münasibətləri və qarşılıqlı etimadı lazımi səviyyədə təmin etməlidir: “Delimitasiya prosesi iki qonşu ölkənin yaratdığı qarışıq komissiya tərəfindən həyata keçirilməlidir. Bu proses milli qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanmalıdır. Bununla yanaşı, yeni sərhədlərin iqtisadiyyata, mühəndis infrastrukturlarına, eləcə də sərhədyanı kəndlərin sakinlərinin güzəranına təsiri nəzərə alınmalıdır”.
Müxalifət əslində dinləmə təşkil etməklə erməni cəmiyyətinə Paşinyanı satqın kimi təqdim etməyə çalışır. Halbuki indi erməni xalqının Azərbaycanla düşmənçilik etməsi fikirləri olsa da, buna gücü, cəsarəti və imkanları yoxdur.