Ermənistan Türkiyə ilə dialoq aparmalıdır, dost olmayan dövlətlər də eyni addımı atırlar. Lakin rəqiblə danışmaq onun danışıqlara başlamaq üçün bütün ilkin şərtlərini qəbul etmək anlamına gəlmir.
Teleqraf.com xəbər verir ki, bu fikri Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru Beniamin Poqosyan deyib.
“Ekspert dairələrində Ermənistan tərəfdən mümkün danışıqlar aparan iki şəxsin adı çəkilir – Jirayr Liparityan və Ruben Rubinyan. Amma onların təyinatının nə dərəcədə mümkün olduğunu və ümumiyyətlə, mümkün olub-olmadığını deyə bilmərəm”, - beynəlxalq münasibətlər üzrə ekspert bildirib.
Poqosyanın sözlərinə görə, Ankara ilə danışmaq lazımdır, lakin danışıqların mövzusunun nədən ibarət olacağını aydınlaşdırmaq vacibdir. Bundan əlavə, o hesab edir ki, dialoq zamanı İrəvan bir sıra məqamlar üzrə konkret bəyanat və konstatasiyalar verməlidir:
“Açıq şəkildə qeyd edilməlidir ki, biz qarşı tərəf olaraq diplomatik əlaqələr qura, səfirliklər aça, ölkələrimizin ərazilərindən tranzit məqsədlər üçün istifadə edə bilərik, lakin Ermənistan heç vaxt Türkiyənin iqtisadi ekspansiyasına, sonradan ölkəmizdə iqtisadi hökmranlığa yol verməməlidir”.
Poqosyan qeyd edib ki, bu bəyanatları səsləndirdikdən sonra İrəvan Türkiyənin həqiqətən də danışıqlar aparmaq istəyib-istəmədiyini anlamaq üçün Ankaranın reaksiyasını gözləməli olacaq.
Ekspert hesab edir ki, danışıqları aparan tərəflərin şəxsiyyəti strateji planda deyil, təfərrüatları aydınlaşdırmaq baxımından vacibdir. Onun fikrincə, strateji qərarları xüsusi nümayəndələr yox, onları təyin edənlər verir.