“Biz tam anarxiya şəraitində yaşayırıq və bu, artıq sadəcə hiss deyil, faktdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.
Zöhrabyan bildirib ki, Azərbaycanla sərhəddə vəziyyət gərginləşən kimi, Vardenisə (Basarkeçər – red.) gedib, yaxınlıqdakı bir neçə kəndə baş çəkib.
Eks-deputat Ermənistan sərhədlərinin yaxşı qorunmadığını bildirib.
Zöhrabyan Ermənistan ordusunun sərhədlərin mühafizəsində öz vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini, daxildə çaşqınlığın olduğunu söyləyib.
Onun sözlərinə görə, Vardenisdə siyasətçilərdən heç birini görməyib. Zöhrabyan təəssüflə qeyd edib ki, Ermənistan siyasətçiləri üçün Feysbuk yeganə “döyüş meydanı”na çevrilib.
Naira Zöhrabyan Baş nazir Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi üçün ictimaiyyətə açıqlanmayan öhdəliklər götürdüyünü də iddia edib:
“İnanıram ki, Paşinyan Soçi və Brüsseldə delimitasiya və demarkasiya prosesinə başlamaq öhdəliyini götürüb. Amma indi o, növbəti dəfə prosesi uzatmaqla əsas oyunçuları aldatmağa çalışır”.
O, Azərbaycanla son gərginlikdən sonra Ermənistan qoşunlarının sərhəd istiqamətindəki bəzi mövqelərdən geri çəkildiyini də iddia edib.