24 Yanvar 2022 17:25
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar mən prezident institutunun fəaliyyətini dövlətçiliyimizin möhkəmlənməsi ilə bağlı heç bir proseslə müqayisə edə, prezident institutunun hər hansı fəaliyyətə başladığını deyə bilmərəm. Prezidentin xaricdən istefa ərizəsi yazmasına təəssüflənirəm. Səbəb nədir bilmirəm. Onun səhhətində heç bir problem görünmür, əgər varsa, izahat verməlidir. Hazırkı Konstitusiya dövlət başçısına öz vəzifələrini yerinə yetirməyə imkan verir”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Ermənistan” parlament fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan Ermənistan prezidenti Armen Sərkisyanın istefasını şərh edərkən deyib.

Onun fikrincə, əgər prezident erməni xalqının gələcəyindən narahatdırsa, o, burada olmalı, fəaliyyətini davam etdirməli, məqsədlərinə çatmalı idi: “Hesab edirəm ki, Ermənistanda son illərdə baş verənlər və prezidentin hərəkətsizliyi susqun razılığın nəticəsidir”.

O, Armen Sərkisyanın konstitusiyanı öyrənmək və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək imkanı əldə etdiyinə əminliyini ifadə edib: “Bu o deməkdir ki, ya onun indiki hakimiyyətlə razılaşmaları olub, ya təzyiq olub, ya da sadəcə olaraq öhdəliklərini yerinə yetirməyib, nöqsanlara yol verib”.

Seyran Ohanyan Ermənistan prezidentinin istefası üçün həm daxili siyasi, həm də geosiyasi şərtlərin ola biləcəyi fikrini bildirib: “Ola bilsin ki, hansısa yeni sənədlər var və prezident onlardan qaçır”.


Müəllif: Nemət

Oxşar xəbərlər