“Mülki Müqavilə partiyasından olan deputatların təşəbbüsü ilə 2020-ci ilin 44 günlük müharibəsinin şəraitini araşdırmaq üçün istintaq komissiyası artıq yaradılıb. İlk iclas 14 fevral bazar ertəsi keçiriləcək, komissiyanın işi təsdiqlənəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.
O bildirib ki, komissiyaya yalnız Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının üzvləri daxildir.
“Komissiya 11 deputatdan ibarətdir, lakin deputatlardan biri müvafiq məxfilik rejiminə icazə almadığı üçün hazırda 10 üzvün tam səlahiyyəti var. Müvafiq icazəni aldıqdan sonra o da komissiyaya cəlb olunacaq. Söhbət Artur Kazinyandan (“Ermənistan” blokundan olan deputat – red.) gedir. Ümid edirik ki, o, aidiyyəti qurumlara müraciət edəcək, icazə alacaq və komissiyanın işində tam iştirak edəcək. Kazinyan tərəfindən bu icazənin alınması və ya alınmaması komissiyanın işinə mane olmayacaq. Ancaq Müdafiə və Təhlükəsizlik daimi komissiyasının üzvü olduğu üçün onu alsa, yaxşı olardı”, - deputat qeyd edib.
Xaçatryan əlavə edib ki, komissiyanın işi əsasən məxfi xarakter daşıyacaq, məlumatların əhəmiyyətli hissəsi dövlət və rəsmi sirrdir.
Hakimiyyətin niyə parlamentdənkənar qüvvələrin nümayəndələrini komissiyaya daxil etmədiyinə gəlincə, Xaçatryan bildirib ki, hakimiyyət heç bir qərar verməyib, çünki müdafiə və təhlükəsizlik üzrə istintaq komissiyasının işi konstitusiya qanunu ilə tənzimlənir: “Hazırda parlamentdən kənar qüvvələrin komissiyanın işində iştirak formatı üzərində düşünülür, lakin bu o demək deyil ki, onlar istintaq komissiyasının səlahiyyətlərini yerinə yetirəcəklər. İştirakın formatı məsələsi iş proseduru təsdiq edildikdən sonra öz həllini tapacaq”.
Xaçatryan aprel döyüşlərinin şəraitini araşdıran komissiyanın işinin acı təcrübə olması ilə razılaşmayıb: “Komissiyanın işi sensasiya yaratmaq məqsədi daşımır. Məqsəd budur ki, müharibə şəraiti faktiki məlumatlar əsasında aydınlaşdırılsın, işıqlandırılsın. Məlumatın dövlət sirri ilə bağlı problem yaratmayan hissəsi ictimaiyyətə təqdim olunacaq. Bütün bunlardan hüquq-mühafizə orqanları istifadə edə bilər. Sirr deyil ki, yüzlərlə cinayət işi başlanıb və komissiyanın işi onlara mütləq öz təsirini göstərəcək. Komissiyanın işinin nəticələrinə əsasən yeni cinayət işləri başlana bilər”.
Deputat hesab edir ki, bu nəhəng işi 6 aya başa çatdırmaq olmaz, bir ilə qədər davam edəcək: “Komissiyaya bütün qrupların nümayəndələri, səviyyəli rəsmilər dəvət olunacaq. Düşünürəm ki, həm ölkənin keçmiş prezidentləri, həm də komandirlər dəvət olunacaq. Lazımi məlumatı verə bilən hər kəs dəvət olunacaq. Danışıqlar prosesi ilə bağlı çoxlu problemlər var, müharibənin başlamasının səbəblərini və motivlərini araşdırmaq lazımdır. Keçmiş prezidentlər böyük miqdarda məlumatın daşıyıcısıdırlar, bir sıra halları bilirlər”.
Deputat əlavə edib ki, Xankəndidəki separatçıların "lideri" Araik Arutyunyan da ifadəyə çağırılacaq.