“Biz müharibədə Azərbaycana uduzmuşuq. Bizdən bir neçə dəfə güclü olan Azərbaycana məğlub olmuşuq, bu mənzərəni hər an görməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu erməni tarixçi - politoloq Tatul Hakopyan
“Azatutyun” (Azadlıq) radiosuna müsahibəsində bildirib.
O, Ermənistan hakimiyyətinin sülh danışıqları ilə bağlı açıq siyasi iradəsinin olmadığını belə ifadə edib:
“Azərbaycan beş maddəlik sülh təklifi irəli sürüb. Ermənistan bunları qəbul etdiyini bildirib. Bu təkliflərdə bütün Qarabağ Azərbaycanın tərkibində olacaq. Ermənistan indi buna hazır deyil, Nikol Paşinyan və onun ətrafındakılar hazır olmadıqlarını açıq mətnlə bildirirlər. Onlar düşünürlər ki, Qarabağ ermənilərinin taleyi Rus sülhməramlılarının kontrolu altında olduğundan elə Rusiyanın özü həll edilə bilər. Bu sülhə mane olan birinci faktordur.
Sülhə mane olan ikinci faktor Azərbaycanın qərbindən Ermənistan ərazisindən keçməklə Naxçıvana koridorun açılması məsələsidir, bununla bağlı Ermənistanın qeyri-müəyyən siyasəti ciddi maneədir. Ermənistan buna “hə” də demir, “yox” da. Bu mövqe gərginlik yaradır, hər an bölgədə partlayış ola bilər”.
Sərhədlərdə aqressiv hərbi toqquşmalar olacağını öncədən bildirən Hakopyan Paşinyanın ikiüzlü siyasət apardığını deyərək əlavə edib ki, o nəinki yeni müharibədən qaçmır, daha irəli gedərək Azərbaycana qarşı mənasız və əsassız hərbi hədələrdən belə çəkinmir.
Hakopyanın fikrincə həm Ermənistan hakimiyyəti, həm də müxalifət sülhə nail olmaq üçün ağılsızlıq edir, addım atmırlar. Putinlə görüşündə Paşinyan Azərbaycanı şikayət edərək deyir ki, Azərbaycan Ermənistan ərazisindən kommunikasiyaların açılmasını tələb edir, amma Ermənistanın blokadan çıxması üçün heç bir iş görmür. Ermənistan həmin mərhələyə gəlib çatıbmı ki, belə bir iddia səsləndirir. Bu nə narahatlıqdır?
Hakopyan etiraf edir ki, Paşinyanı heç zaman xəyanətdə suçlamayıb və indi də onu xain hesab etmir.
“Biz müharibədə Azərbaycana uduzmuşuq. Bizdən bir neçə dəfə güclü olan Azərbaycana məğlub olmuşuq, bu mənzərəni hər an görməliyik. Vaxtilə biz yazanda ki, Azərbaycanın hərbi büdcəsi bizim bütün dövlət büdcəmizdən çoxdur, yalançı vətənpərvərin patetik nitqlərini eşidirdik, ay Bakıya qədər gedərik, Kür - Araz xəttinə çıxarıq və s. Bunun nəticəsi 44 günlük müharibədə göründü və biz əsl reallıqla qarşılaşdıq. Biz məğlub olmuşuq, bunu isə qəbul etmək istəmirik. Məğlubiyyəti etiraf etmək ayıb deyil. Bunu qəbul etməməklə özümüzə quyu qazırıq. Bu müharibədə nəinki Ermənistan və Xankəndi məğlub oldu, bütün erməni mifləri darmadağın edildi. İndi isə yeni miflər yaratmaqla məşğuluq, deyirik ki, biz toparlanıb 80 milyonluq Türkiyəyə və 10 milyonluq Azərbaycana qarşı vuruşa bilərik. Bu, Ermənistana yeni faciələr gətirə bilər. Bunlar çox təhlükəli yeni miflərdir”.