Ermənistan Silahlı Qüvvələrində ehtiyatda olan bir sıra şəxslər 2022-ci ildə vaxtaşırı keçirilən hərbi təlimlərdə iştirakdan yayınıblar. Onlardan 45-nə ittiham irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, Ermənistan KİV bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Bildirilir ki, müvafiq dəvət aldıqdan sonra bəzi şəxslər elan olunmuş təlim-məşq toplanışında iştirak etmək üçün çağırış vərəqəsini almaqdan imtina ediblər. Digər hallarda onlar çağırış vərəqəsi alıblar, lakin Ermənistan Müdafiə Nazirliyinin ərazi səfərbərlik xidmətlərinə gəlməyib, bununla da toplantıdan yayınıblar.
Həmçinin, vətəndaşlar arasında fəaliyyətlərinə görə qanunla hərbi toplantılara cəlb olunmayan müəssisə və şirkətlərə saxta şəkildə işə girənlər də olub.
2022-2023-cü illərdə hərbi təlimlərin başlanmasından indiyədək hərbi toplanışlardan yayınma halları ilə bağlı ümumilikdə 160 məlumat daxil olub, onların əsasında cinayət işi başlanıb. 45 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 24 nəfər barəsində cinayət işi ittiham aktı ilə birlikdə nəzarət edən prokurora göndərilib.