21 Sentyabr 2023 13:05
2 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almatı bəyannaməsindən imtinaya çağırışlar Ermənistanın müstəqilliyindən və ərazi bütövlüyündən imtinaya çağırışdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqilliyinin 32-ci ildönümü münasibətilə xalqa təbrik məktubunda deyib.

“Son zamanlar xarici və regional siyasət kontekstində Ermənistan tərəfindən imzalanmış müvafiq sənədlərin 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı bəyannaməsinə əsaslandığına görə tez-tez tənqid olunuram. Çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır. Problem ondadır ki, Almatı bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir və burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqilliyinin siyasi və hüquqi əsasları qeyd olunur. Buna görə də, həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırışlar Ermənistanın müstəqilliyindən, suverenliyindən, ərazi bütövlüyündən imtinaya çağırışlardır”, - baş nazir bildirib.

Paşinyan onu da qeyd edib ki, Ermənistanın rifahı və müstəqilliyi üçün bölgədə sülh, yəni münaqişəsiz bir mühit lazımdır:

“Sülh müstəqillik və suverenliklə bərabər təhlükəsizliyi təmin edən amildir.

Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil. Amma indi sülhə bundan da artıq dəyər verilməlidir, sülhü atəşkəslə qarışdırmaq olmaz. Sülh münaqişələrdən, dövlətlərarası, millətlərarası konfliktlərdən uzaq bir mühitdir. Bu yol asan deyil, zahiri və daxili sarsıntılardan keçir və biz müstəqillik naminə, dövlətçilik naminə, gələcək naminə bu yolu keçməliyik”.

Ermənistan Almatı bəyannaməsi əsasında Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər