"Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh sazişinin imzalanması mümkündür".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi “ilin sonuna qədər” ifadəsini işlədib.
“Hakim partiya olaraq bizim siyasi iradəmiz var”, deyən Paşinyan sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib. Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada yox, Brüsseldə imzalamağa hazır olduğunu büruzə verib. Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması mümkündür”, - ekspert bildirib.
Elxan Şahinoğlu Ermənistan baş nazirinin dəhlizlə bağlı açıqlamasına da toxunub:
“Paşinyan çıxışı zamanı Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirərkən belə bir cümlə işlədib: “Ermənistan öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır”.
Yəni Paşinyan demək istəyib ki, Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanılması sadələşdirilmiş formada həyata keçiriləcək. Hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Çünki Zəngəzur dəhlizinin açılmasının uzanması halında Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçəcək və bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq”.