16 Mart 10:01
13 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi dəstəklə bağlı mövqeyi Parisin Afrikadakı mövqelərini itirməsi ilə bağlıdır. Amma Fransanın müdafiə-sənaye kompleksinin real imkanları Makronun sərt ritorikasına uyğun gəlmir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

“Makron bu gün Kiyevə irihəcmli silah tədarükünün əsas təşəbbüskarıdır, hətta bu məsələdə Polşa və Baltikyanı ölkələri də qabaqlayır. Üstəlik, o, NATO ölkələrindən Ukraynaya hərbi kontingent göndərilməsi ideyasını səsləndirən ilk şəxs olub. Ancaq Fransa hərbi sənaye kompleksinin istehsalının real durumuna nəzər salsanız, Ukraynaya hərbi yardım imkanlarının ölkə liderinin sərt ritorikasından daha zəif olduğu bəlli olur”, - Korotçenko bildirib.

Ekspert qeyd edib ki, Makronun anti-Rusiya bəyanatları onun Rusiyanın fəaliyyəti ilə əlaqələndirdiyi Qərbi Afrikada Fransanın təsirini itirməsi ilə bağlıdır:

“Təsir itkisi Paris üçün çox həssas məsələdir, bu, ilk növbədə Afrika uranına çıxışdan məhrum olması ilə əlaqəlidir. Prezident Vladimir Putin də bu yaxınlarda “vampir balı”nın (rəqs – red.) bitdiyini bildirdi. Beləliklə, Fransanın Afrikadakı müstəmləkəçi “vampir balı” sona çatır”.

Korotçenko vurğulayıb ki, Paris Kiyevi silahla təmin etməklə yanaşı, diplomatik yolda Moskvaya qarşı çıxır, postsovet məkanında yeni mövqelər əldə etməyə çalışır:

“Buna cavab olaraq Makron fəal şəkildə Rusiyanın Cənubi Qafqazdakı təsir zonasına daxil olur, Rusiyanın KTMT-də müttəfiqi olan Ermənistanla strateji əlaqələr qurur və İrəvana hər cür təsir göstərir ki, Paşinyan Qərbə doğru dönüş etsin. Fransa prezidenti həm də Moldovada anti-Rusiya elitasını birləşdirməyə çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu