16 Aprel 15:02
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda “erməni soyqırımı” ilə bağlı başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Köçəryan “soyqırıma məruz qalan 1.5 milyon erməni”nin ad və soyadlarının müəyyənləşdirilməsi məsələsini gündəmə gətirib:

“Bu, yeni mövzudur. Necə vaxtilə Rusiyada Vladimir Jirinovski Vladimir Putinin danışan dili idi, eləcə də, Andranik Köçəryan Nikol Paşinyanın danışan dilidir. Ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin dediklərini əsaslandırır.

Köçəryan “soyqırımı”na məruz qalanların siyahısını hazırlamayacaqları halda Türkiyənin “soyqırımı olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını söyləyib. O, bu mövzu haqda danışarkən, İsraili misal çəkib. İsrail İkinci Dünya Müharibəsində soyqırımına məruz qalan yəhudilərin siyahısını tərtib edə bilib. Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımı” ilə bağlı dilə gətirilən rəqəmlər isə şişirtmədir, əks halda, ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər”.

Elxan Şahinoğlu hesab edir ki, bütün hallarda, Paşinyan komandasının “soyqırımı siyahısı” barədə yanaşması erməni cəmiyyəti və diasporunda ikitirəlik yaradacaq:

“Ermənilər siyahı tərtib edə bilməyəcəklərini yaxşı anlayırlar, buna rəğmən, onların bir hissəsi “soyqırımı” kampaniyasından əl çəkmək istəmir. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Paşinyan isə “soyqırımı” mövzusunun onun Ankara ilə danışıqlarda manevr imkanlarını məhdudlaşdırdığını anlayır. Çünki Ankara İrəvanla danışıqların sonrakı mərhələsində onunla münasibətləri normallaşdırmaq istəyən Paşinyan hökumətindən “soyqırımı” təbliğatından imtinanı da tələb edəcək.

Ermənistandakı radikal qüvvələr üçün isə Türkiyə əbədi düşməndir. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırımı” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan “siyahı mövzusu”nun müzakirəsinin ermənilər üçün zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu mövzunun müzakirəsini dayandırmaq lazımdır. Marukyan bununla Türkiyənin “tələ”sinə düşəcəkləri barədə xəbərdarlıq edib.

Marukyan bu mövzunun müzakirəsinin həm də ona görə əleyhinədir ki, 30-a yaxın dövlət “erməni soyqırımı”nı tanıyıb. Yəni Marukyan demək istəyib ki, “soyqırım”la bağlı müzakirələr Ermənistanda genişlənərsə, bu, “erməni soyqırımı”nı tanıyan dövlətləri də pis vəziyyətə salacaq.

Türkiyənin yeni arqumenti bu ola bilər: “Ermənistanda son müzakirələr də göstərir ki, “soyqırımı” ilə bağlı heç erməni cəmiyyətində yekdil fikir yoxdur, öldürüldüklərini iddia etdikləri “olay” barədə məlumatları yoxdur, çünki olmayan hadisəni reallıq kimi qələmə verməyə çalışırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər