Hakim “Vətəndaş Müqaviləsi” Partiyasında erməni kilsəsinin vergiyə cəlb edilməsi ilə bağlı fəal müzakirələr gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr partiyadakı mənbəyə istinadla yazır ki, təklif Baş nazir Nikol Paşinyandan gəlib. Təklif edilən qanun layihəsinə görə, kilsə vergiyə cəlb olunmalı, qanunsuz mənimsənilmiş pullar qaytarılmalı və şəffaflıq təmin edilməlidir.
Paşinyan bu barədə parlamentlə hökumət arasında keçirilən sonuncu sual-cavab iclasında danışıb. Hakim fraksiyada kilsənin ianələr, şam satışı, vəftiz, toy və sair kimi mərasimlərdən əldə edilən gəlirlər, habelə ritual aksesuarlarının idxalı və satışı ilə bağlı vergilərin tutulması mövzularında fikirlər səsləndirilib.
Layihənin Ermənistan parlamentinin növbəti sessiyasında təqdim olunacağı gözlənilir.
Ermənistan hökuməti ilə dini qurum arasındakı gərginlik katalikos II Qaregin və kilsənin siyasi iddialarla çıxış etməsindən sonra pik həddə qalxıb. Təsadüfi deyil ki, Nikol Paşinyanı devirməyə çalışan revanşist hərəkatın başçısı keşiş Baqrat Qalstanyandır.