Ermənistan real təhlükəsizlik sistemini (Rusiyanın hərbi-siyasi dəsk və yardımını – red.) itirib, yenisi isə hələ formalaşmayıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Manvelyan deyib.
Onun sözlərinə görə, ölkəsi 44 günlük müharibədən sonra təhlükəsizlik vakuumundadır, bu, Ermənistan üçün çox təhlükəlidir:
“İndiki hakimiyyət bizə sırımağa çalışır ki, guya yeni təhlükəsizlik sistemi yaradır, amma reallıqda Ermənistan bu gün 10 noyabr kapitulyasiya sənədinin imzalandığı vaxtdan daha çox təhlükə altındadır.
Əvvəlki təhlükəsizlik sistemini tərk edərək, bu gün hər hansı bir təhlükəsizlik sistemini də itirmişik. Həm Avropa Birliyi, həm də ABŞ-nin rəsmiləri bizə deyirlər ki, əgər siz yeni təhlükəsizlik sistemi istəyirsinizsə, türklərlə, azərbaycanlılarla anlaşın”.
Manvelyan hazırda Ermənistanın qarşıdurma vəziyyətində olan Rusiya ilə ABŞ-nin arasında qaldığını söyləyib: “Onlar (Qərb) Ermənistanı müstəqil dövlət yox, anti-Rusiya siyasətləri çərçivəsində vassal hesab edirlər. Bu, fəlakətin başlanğıcıdır”.
Erməni ekspertin fikrincə, Qərb ölkəsinə Ermənistanı daha da dərin vassallığa sürükləmək ideyası ilə gəlib:
“Rusiya ilə əlaqəmizin kəsilməsi Ermənistanın məhvinə gətirib çıxaracaq. Amma hakimiyyət anti-Rusiya siyasəti ilə ölkənin Rusiyadan asılılığını ikiqat artırıb. Əgər keçmişdə Ermənistanın xarici siyasətinin 30 faizi Rusiyadan ibarət idisə, bu gün azı 70 faizdir”.
Manvelyan Ermənistanın hazırda siyasi-diplomatik gərginlik mərkəzində olduğunu, amma bunun təhlükəli məcraya gedəcəyini iddia edib: “Təəssüf ki, biz indi hərbi rəqabətin hazırlıq mərhələsindəyik. Bu belədir, amma ölümcül vəziyyətinə hələ çatmayıb. Bir qayda olaraq, xarici vektorların dəyişdirilməsi oyununa gətirilən dövlətlər bu prosesdən uduzmuş çıxırlar”.