Ermənistan Baş naziri Nikol Paşinyan iki il sonra keçiriləcək parlament seçkilərinə indidən hazırlaşmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.
Nəşr bildirir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 2026-cı il parlament seçkilərində qələbəni təmin etmək üçün artıq öz sıralarını “təmizləməyə” başlayıb. Paşinyanın məzuniyyətdə olduğundan bir neçə həftə ərzində partiyanın İdarə Heyətinin iclası keçirilməyib.
Dünən İdarə Heyəti Paşinyanın sədrliyi ilə toplanıb.
“Mənbələrimizin dediklərinə görə, Paşinyan vilayət və rayonlarda səlahiyyət sahibi olan və qarşılarına qoyulan problemlərin öhdəsindən gəlməyən, əhali arasında etirazlara səbəb şəxsləri komandasında görmək istəmir. Paşinyanın bölgələrə uzun turlarının səbəbi də budur. Mənbələrimizin məlumatına görə, yaxın vaxtlarda bölgələrdə yüksək vəzifə tutan bəzi partiya üzvləri işdən çıxarılacaq”, - məlumatda deyilir.
Artıq Ermənistan baş naziri partiyanın iki regional rəhbərini vəzifəsindən azad edib.