Bu günlərdə parlamentdənkənar siyasi qüvvələr hakimiyyətdən Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendum tələb etmək üçün imzatoplama kampaniyası keçirərkən, Baş nazir Nikol Paşinyan komandasına belə bir referendumun olmayacağını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.
Erməni nəşri xatırladır ki, sentyabrın 16-dan etibarən avropayönlü qüvvələr imza toplayır:
“50 min imza toplanacağı təqdirdə Ermənistanda AB-yə üzvlüklə bağlı referendum keçirilməsi tələbi ilə müvafiq imzaları parlamentə təqdim edəcəklər. Paşinyanın parlamentdənkənar peyk qüvvələrinin təşəbbüsünə baxmayaraq, tamam başqa planları var.
“Joqovurd”un xəbərinə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının iclaslarından birində o, komanda yoldaşlarına deyib ki, referendum olmayacaq, onların gündəmində Aİ-yə üzvlük məsələsi yoxdur və ola da bilməz. Amma hakim partiyanın sədr müavini, deputat Vaaqn Aleksanyan bizə açıqlamasında bunu təkzib edib. Partiyanın İdarə Heyətinin üzvü Romanos Petrosyan isə bu barədə deməyə sözünün olmadığını bildirib”.
İmzatoplamanın təşəbbüskarlarından biri olan “Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyan Paşinyanın bununla bağlı yekun qərarından xəbərdar olmadığını iddia edib.
Prosedura görə, parlament 50 min imza ilə parlamentdənkənar qüvvələrin bu təşəbbüsünü rədd edərsə, o zaman 300 min imza toplayaraq eyni gündəmlə yenidən parlamentə müraciət edə bilər. Bu durumda Konstitusiya Məhkəməsi layihənin Konstitusiyaya uyğun olduğunu qəbul edərsə, qanun layihəsi referenduma çıxarılacaq.
“Joqovurd” Babacanyandan soruşub ki, ilk təşəbbüs parlament tərəfindən rədd edilsə, 300 min imzanın toplanması ilə bağlı qərar olacaqmı?
“Biz heç nəyi istisna etmirik, amma bununla bağlı hələlik qərarımız yoxdur. Xalqın ruh yüksəkliyini görüb inanırıq ki, 300 min imza toplamaq çətin olmayacaq”, - siyasətçi vurğulayıb.
Ermənistan baş naziri iyunda partiyasının toplantısındakı çıxışında da AB-yə üzvlük referendumunun gündəmdə olmadığını açıqlamışdı.