15 Dekabr 2022 10:50
7 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına başlanılıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) dekabrın 15-dən 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə ənənəvi olaraq "early bird" erkən bilet satışına start verib.

Bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edən 20 faiz erkən satış endirimindən yararlana biləcəklər.

“Biz Bakı Şəhər Halqası olaraq, möhtəşəm avtoidman yarışını Azərbaycan vətəndaşları üçün daha da əlçatan etmək istədik. Həmvətənlərimiz və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcəklər. Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq.

Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmədən faydalanmağa dəvət edirik.”- deyə BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev mətbuat konfransındakı açıqlamasında bildirib.

“28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 7-ci dəfə ev sahibliyi edəcək. Builki yarışda ilk dəfə olaraq, paytaxt Bakıda azarkeşlərin həyəcanla izlədiyi F1 Sprint yarışı baş tutacaq. Bu mövsümün ilk F1 Sprint yarışıdır və qürur hissi duyuruq ki, bu yarışın baş tutacağı altı ölkə arasında Vətənimiz də təmsil olunur. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.”- deyə BŞH-nın milli mətbuat katibi Turab Teymurov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər