“Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur”.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Dövlətimizin başçısı qeyd edib: “İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq. Bugünkəndtəsərrüfatınıninkişafı ilə bağlı məruzələrsəsləndi. Həm kənd təsərrüfatı naziri, həm “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri çıxış etdilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın”.
Prezident əlavə edib: “Biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi. Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik. Ona görə, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir”.
İlham Əliyev vurğulayıb ki, torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir: “Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər.
Taxılçılıqla bağlı. Qeyd etdiyim kimi, biz hələ ki özümüzü taxılla tam təmin edə bilmirik. Ancaq mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar. Əgər Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də lazım deyil. Biz meliorativ tədbirləri digər məhsulların yetişdirilməsinə yönəldə bilərik və beləliklə, ixrac üçün yeni imkanlar yaranacaq”.
Dövlət başçısı bildirib ki, bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb: “Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik. Burada bəzi rəqəmlər səsləndi. Mən bu məsələlərə bir qədər geniş toxunmaq istəyirəm. Misal üçün, sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Burada qeyd edildiyi kimi, əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 manat pul alıb və ailəyə aparıb.
İndi bizim daha da geniş planlarımız var. Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir”.
İlham Əliyev deyib ki, tütünçülüyün inkişafına da çox böyük maraq var və burada da cəmi bir il ərzində böyük işlər görülüb: “2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu, daha da geniş vüsət almalıdır. Tütünçülük də çox gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir.
Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq. Ancaq hesab edirəm ki, biz pambıqçılığı tam bərpa etməliyik. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Mən bir daha demək istəyirəm ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə vəsait ayrılsın”.
Dövlət başçısı qeyd edib ki, ancaq texnikanın alınmasına iki il ərzində 360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək: “Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik, ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq artsın, həm də bu, özünü doğruldacaq. Çünki satılan məhsul valyuta gətirəcək və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf edilən vəsait də dövlətə qayıdacaqdır.
Digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə maraqlananda maraqlı bir mənzərə ortaya çıxır. Məlumdur ki, ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıqdan sonra ən çox valyuta gətirən məhsul xurmadır. Yəni, bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar”.
Prezident əlavə edib ki, hazırda Azərbaycanda istixanaların tikintisi çox geniş vüsət alıb: “Bu da çox sevindirici haldır. İş adamları buna böyük vəsait qoyurlar. Dövlət də öz dəstəyini verir və bu, bizim ixrac potensialımıza çox müsbət təsir göstərir”.