“Ötən il 130 min piyada məsuliyyətə cəlb edilib. Təyin olunmuş cərimələrin təxminən 50 faizi ödənilməyib. Təbii ki, bu cərimələrin məbləğinə faiz də əlavə olunub. Cərimələr tam ödənilməlidir”.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, əks halda qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə tədbirlər görüləcək: “Piyada yol hərəkət qaydasını pozursa və təyin edilmiş cərimə məbləğini ödəmirsə, qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə o pulun alınması üçün tədbirlər görüləcək.
Araşdırma aparmışıq və məlum olub ki, təyin olunmamış yerdən keçən piyadaların cərimələnməsi arasında təxminən 20-28 yaş arası şəxslər üstünlük təşkil edir. Əksəriyyəti ya təhsil alan, ya da əmək fəaliyyəti ilə məşğul olan insanlardır.
Onların siyahısı hazırlanıb, yaşadıqları ərazilər üzrə sahə rəislərinə məlumat verilib, eyni zamanda məhkəmələrə, icra məmurlarına da məlumat çatdırılacaq. Nəticədə cərimələr onların əmək haqlarından tutulacaq”.
Vaqif Əsədov deyir ki, banklar vətəndaşlara kredit verən zaman araşdırma aparmalıdır: “20 manat cəriməni ödəməyən adam böyük bir məbləğdə kredit götürsə, o pulu ödəməsi şübhə altına düşmürmü? Biz istəməzdik ki, piyadalarla polis arasında gərginlik yaransın.
İnsanlar ilk növbədə nizam-intizamlı olmalıdırlar. Bilməlidirlər ki, yol hərəkəti haqqında qanunun tələblərini yerinə yetirməklə həm ailə büdcəsinə qənaət edirlər, həm də vaxt itirmirlər”.
Şöbə rəisi qeyd edib ki, vaxtı ilə sürət həddinin aşılması ilə bağlı yol qəza hadisələri 47-49 faiz təşkil edirdisə, hazırda bu rəqəm 40 faizə düşüb: “Texniki nəzarətin hesabına bu rəqəm azalıb. Amma bu gün paytaxtda piyada vurulma faktları ümumi hadisələrin təxminən 60 faizini təşkil edir ki, bu da ciddi narazıçılıq doğurur.
Gündəlik praktiki tədbirlər həyata keçirilir, təbliğat aparılır. Təəssüf ki, yenə hadisələr baş verir. Qəza hadisələrinin əsas səbəbi piyadaların təyin olunmuş yerlərdən düzgün istifadə etməməsidir.
Yol qəza hadisələri əsasən piyada keçidlərinə yaxın məsafədə baş verir. Acınacaqlı vəziyyətdir və buna biganə qala bilmərik”.
Vaqif Əsədov vətəndaşların cəriməni ödəmədikdə silinməsi məsələsinə də aydınlıq gətirib: “Bu cərimələr heç vaxt silinməyəcək. Cərimə məbləği ödənməlidir”.
"Digesta" hüquq firmasının direktoru Ərşad Hüseynov deyir ki, piyada təyin olunmamış yerdən keçən zaman cərimələnirsə, həmin məbləğ 30 gün müddətində könüllü ödənilməlidir: “Bu məbləğ ödənilməsə hər gün üçün 1 faiz dəbbə pulu əlavə olunur. Həmin pul 2 ay müddətində əlavə olunmaqda davam edir. 3 ayın tamamında dəbbə pulu 60 faizə çata bilər.
Cəriməni vaxtında ödəməyən piyada cərimə ilə yanaşı, onun 60 faizi miqdarında əlavə pul da ödəyəcək. Bu şəxslər cəriməni ödəməməkdə davam edərlərsə, artıq cərimə barədə qərar məcburi icraya yönəldiləcək”.
Ərşad Hüseynov qeyd edib ki, cəriməni ödəməyən piyadanın xaricə getmək hüququnun məhdudlaşdırılması hələlik qanunla tənzimlənməyib: “Cəriməni ödəməyən insanın ölkədən getmək hüququ ylanız məhkəmənin ayrıca qərarı ilə məhdudlaşdırıla bilər. Bəzi xarici ölkələrində belə bir təcrübə var.
Gələcəkdə ölkəmizdə də cəriməni vaxtında ödəməyən şəxslərin xaricə getməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericiliyin qəbulu mümkündür. Bunun qısa zamanda baş tutacağı isə gündəmdə deyil”.
İlhamə ƏBÜLFƏT