Teleqraf.com Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Bahar Muradovanın Publika.az-a müsahibəsini təqdim edir:
- Bahar xanım, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu sərəncamın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, cənab Prezidentin Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə kimi qəbul olunur. Əhalinin müxtəlif təbəqələrinin nümayəndələri və geniş ictimaiyyət bu sərəncamı çox böyük ruh yüksəkliyi ilə qarşılayır və dəstəkləyir.
Ötən il ölkəmizdə keçirilən referendum və cənab Prezident tərəfindən Azərbaycanda idarəetmə sahəsində aparılan ciddi islahatlar çox yüksək qiymətləndirilir. Düşünürəm ki, hazırki mərhələdə uğurlu kadrların vəzifələrə təyin edilməsi Azərbaycanı irəli aparacaq və inkişaf etdirəcək.
Mehriban xanım Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunana qədər həm ölkə, həm də dünya miqyasında çox geniş fəaliyyət göstərən ictimai-siyasi xadim kimi böyük nüfuz qazanıb. O, dünyanın hər yerindən görünən güclü şəxsiyyətdir. Mehriban Əliyeva dövlətlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası problemlərin həllinə böyük töhfələr vermiş dünya miqyaslı ictimai-siyasi xadimdir. Mehriban Əliyevanın təkcə UNESCO və ISESCO-nun xoşməramlı səfiri olması çox məsələdən xəbər verir. Hesab edirəm ki, bu çoxdan gözlənilən addım idi. O, bu vəzifəyə bütün parametrlər üzrə tam uyğundur və öz yüksək fəaliyyəti ilə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmaq haqqını qazanıb. Eyni zamanda, Mehriban Əliyeva Azərbaycanın birinci xanımıdır, hər kəsin qəlbində özünə yer tutmuş, mərhəmət, humanizm, insana qayğı ideyalarının carçısıdır. Bütün bunlara görə də mən cənab Prezidentin bu sərəncamını alqışlayıram. Hesab edirəm ki, bu qərar Azərbaycanın daha da inkişafına öz töhfələrini verəcək.
- Azərbaycan tarixində ilk dəfə olaraq, Birinci vitse-prezident postunun yaradılması və Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi ölkədə hansı yeniliklərə səbəb olacaq?
- Təbii ki, Azərbaycanda islahatlar davamlı olaraq həyata keçirilir. Bilirsiz ki, cənab Prezident İlham Əliyev öz fəaliyyəti dövründə zamanın qarşımıza çıxardığı bütün problem və çətinlikləri böyük qətiyyət və cəsarətlə dəf edən və ölkəmizi uğurla inkişaf etdirən siyasi liderdir. Ona görə Azərbaycanda köklü islahatların aparılması da Konstitusiyaya edilən dəyişikliklərə əsaslanır. Bu dəyişikliklərdən biri də Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması olub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da bu islahatların xarakterini, istiqamətini və müsbət nəticələrini əvvəlcədən proqnozlaşdırmağa imkan verir.
- Azərbaycanda bu qədər yüksək vəzifəyə xanımın təyin edilməsi də ölkə tariximizin ilklərindən oldu. Xanım kimi Mehriban Əliyevanın fəaliyyətindən hansı gözləntiləriniz var?
- Bilirsiz ki, haqqında danışdığımız ictimai-siyasi xadim, tanınmış şəxsiyyət, gözəl insan və bacarıqlı dövlət xadimi Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının üzvüdür, ölkə qadınlarının öndə gedən nümayəndəsidir. Mehriban Əliyeva özünün uğurlu ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına çox yaxşı örnəkdir. İctimai-siyasi fəaliyyətlə məşğul olan qadınların özlərini cəmiyyətdə sınamaq, bacarıqlarını dövlət və milli maraqlar naminə istifadə etmək istəyən xanımların gözünün qarşısında artıq bu gün yüksək vəzifəyə layiq görülən Mehriban Əliyeva nümunəsi var. Bu da Azərbaycan qadınlarına çox böyük stimul verən vacib bir amildir.