6 İyul 2017 11:30
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Litvadakı səfirliyi Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlanıb, qalereyanın rəhbərliyi ilə görüş keçirilib.

Qalereyanın rəhbərliyi ilə keçirilmiş görüşdə BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı, həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalının beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Azərbaycanın ərazisindəki işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycanla Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib.

Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini qeyd edib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də qalereyanın adının təhrif edilərək “Vartai” (Qapı) əvəzinə “Menu vartai” (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini vurğulayaraq, qısa müddət ərzində səkillərin yığışdırılacağını bildirib.

Yarım saatdan sonra şəkillər yığışdırılıb və salona giriş bağlanıb. Beləliklə, öz məkirli siyasətindən əl çəkməyən ermənilər bir daha məyus edilib və Litva ictimaiyyəti qarşısında biabır olublar.


Müəllif: Səxavət

Oxşar xəbərlər