Bəli, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev daha 255 vətəndaşının hardasa inanılmaz xəyallarını gerçəkləşdirdi. Başqa dillə desək, 255 jurnalist çəkdiyi əməyin daim dövlətimizin birinci şəxsinin nəzərində olduğuna, yüksək qiymətləndirildiyinə şahid oldu. Və dövlətçilik uğrunda gördüyü işlərin bəhrəsini dünyada az rastlanan bir mükafatla aldı.
Bəli, bu gün 255 ailə başçısı – 255 jurnalist mənzil sahibi olduğu üçün ailəsinin qarşısına qürurla çıxdı. Demək ki, çəkilən əməklər boşa getmirmiş! Azərbaycan vətəndaşına – jurnalistinə bu qüruru, bu inamı Dövlətimizin Başçısı yaşatdı. Və onlar bir daha bu vətənə xidmət edən heç bir fərdin əməyinin cənab İlham Əliyevin diqqətindən yayınmadığına şahid, yayınmayacağına əmin oldular.
Sevindirici haldır ki, mənzil ərmağanı ilə ailəsində toy-bayram yaşayan jurnalistlər arasında “Gündəlik Teleqraf” MMC-nin də üç əməkdaşı var: Zahid Nurəliyev (Teleqraf.com), Asif Nərimanlı (Publika.az) və Ömər Dağlı (Publika.az).
Heç şübhəsiz ki, əməkdaşlarımızın, eyni zamanda, digər həmkarlarımızın Prezidentin etimadını doğrultması və əməklərinin tayı-bərabəri olmayan mükafatla qiymətləndirilməsindən böyük qürur ola bilməz.
Eyni zamanda, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hələ biz jurnalistlərin qürur duyacağı illərin qarşıda olduğunu deməyə əsas verir.
Təbii ki, bu reallıq qarşısında cənab Prezidentin dünyada misli olmayan bu addımlarının, eyni zamanda media sahəsində həyata keçirdiyi tədbirlərin dəyərini ifadə etməyə sözlər yetərsizdir.
2013-cü ildə 156, bu gün 255 həmkarımızın mənzillə təmin edilməsi, eləcə də jurnalistlər üçün üçüncü binanın tikintisi ilə əlaqədar dövlət başçısının sərəncam imzalaması hələ daha çox qələm sahibinin arzularının reallaşacağının təsdiqidir.
“Gündəlik Teleqraf” MMC kollektivi adından biz də öz növbəmizdə Prezidentimiz İlham Əliyevə mediaya göstərdiyi bu əvəzolunmaz qayğıya görə dərin minnətdarlığımızı bildiririk.
Təşəkkür edirik, Cənab Prezident!