31 İyul 2017 22:48
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəsul Çunayev "Neftçi" İdman Klubundan ayrılmasına səbəb kimi guya "Rio-2016”da bürünc medala görə ona klub tərəfindən mükafat vəd olunduğu halda bu günə qədər yerinə yetirilməməsini göstərib. Guya aldadıldığını görən Çunayev klubdan ayrılmağa qərar verib".

Teleqraf.com xəbər verir ki, bu ifadələr "Neftçi" İdman Klubunun yunan-Roma güləşi üzrə dünya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və olimpiya mükafatçısı Rəsul Çunayevin fikirlərinə cavab olaraq yaydığı bəyanatda əksini tapıb.

Rəsmi açıqlamada qeyd olunur ki, Çunayev on ildir (2007-ci ildən) "Neftçi"də fəaliyyət göstərir. Bu illər ərzində o, öz dövrünə görə daim yüksək əmək haqqı ilə təmin edilib. Bundan əlavə, müxtəlif illərdə ayrı-ayrı uğurlarına görə klub tərəfindən mükafatlar alıb. Klub rəhbərliyi onun şəxsi problemləri ilə daim maraqlanıb, ona ailə və məişət problemləri baxımından köməklik olunub: "Biz sadəcə etik normalara riayət edərək bu rəqəmləri mətbuata açıqlamaq istəmirik. Ancaq buna baxmayaraq ona verilmiş əmək haqqı və mükafatlar klubun mühasibatlığındakı müvafiq sənədlərdə dəqiqliyi ilə öz əksini tapıb. Lazım gəlsə, biz bütün bunları açıqlayacağıq. O ki qaldı "Rio-2016”dakı mükafat məsələsinə, bu, tamamilə yanlışdır. Orada qazanılan uğurlara görə bütün idmançılar ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə mükafatlandırılıblar. Klub tərəfindən isə nə Rəsul Çunayevə, nə də digər idmançılara heç bir mükafat vəd verilməyib".

Bəyanatda o da bildirilir ki, bu ilin əvvəlindən Rəsul Çunayev "Neftçi"yə müraciət edərək aldığı yüksək əmək haqqının az olduğunu bildirib və maaşının artırılmasını istəyib. Klub rəhbərliyi isə onun nəzərinə çatdırıb ki, bizdə ən yüksək əmək haqqı elə bu qədərdir, hətta olimpiya çempionları üçün də. O da bu maaşın az olduğunu əsas gətirərək bir neçə ay əvvəl öz xahişi ilə klubdan ayrılıb: "Odur ki, bu gün bizim Rəsul Çunayevə heç bir maddi və mənəvi borcumuz yoxdur və yuxarıda qeyd etdiyimiz kimi o, klubdan xeyli vaxtdır ki, öz istəyi ilə ayrılıb. İndi belə bir açıqlama verməsi heç bir məntiqə sığmır və həqiqəti əks etdirmir. Lap elə hesab edək ki, bizim ona hansısa borcumuz var və müəyyən çətinliklər ucbatından verə bilmirik. Rəsulun elə o dəqiqə bu onillik münasibətləri, yaxşılıqları unudub, öz doğma klubundan belə asanlıqla üz döndərməsinə nə ad vermək olar?!"

"Neftçi" İdman Klubu bildirir ki, illərdir bu klubdan xüsusi diqqət və qayğı görən, vaxtlı-vaxtında əmək haqqı və mükafatlarını alan, hər kəs tərəfindən dost, qardaş münasibəti görən bir insanın böyüdüyü, uğur qazandığı, məşhurlaşdığı, ailə səmimiyyəti gördüyü bir klub haqqında belə çıxış etməsi, yalan danışması sözün həqiqi mənasında hər kəsin təəccübünə və təəssüfünə səbəb olub.

Qeyd edək ki, Rəsul Çunayev qazandığı uğurlara görə vəd edilən mükafatların verilmədiyini iddia edərək "Neftçi" İdman Klubundan ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər