23 Avqust 2017 10:27
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyni məkanda yerləşən Türkiyənin Rusiya ilə, Çinlə müəyyən iqtisadi əlaqələrin qurulması, əslində, indiki məqamda Ankaranın məcbur olduğu, istiqamətləndiyi bir yöndür.

Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin açıqlamasını Teleqraf.com-a şərh edən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

O, Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkün olduğunu vurğulayıb:

“Çünki Türkiyənin başqa əlacı yoxdur. Avropa ilə münasibətlərdə yaranmış vəziyyət, Avropanın anti-Türkiyə mövqeyi, ABŞ-ın bölgədə kürd dövlətinin yaranması istiqamətində Türkiyəyə qarşı xəyanəti, bir çox digər məsələlər, görünür, müəyyən məsələlərin Rusiya ilə çözülməsinə şərait yaradır. Realist bir siyasətin yürüdülməsi baxımından Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulması mümkündür”.

Bununla belə, F.Mustafa proseslərin gedişi zamanı yəqin ki, bir sıra məsələlərə aydınlıq gələcək:

“Türkiyənin Azərbaycanın maraqlarını nəzərə alaraq addım atması gözləniləndir. Güman etmirəm ki, Türkiyə burda Azərbaycansız hansısa addım atacaq. Əksinə, bütün addımları Azərbaycanla məsləhətləşərək atacaq. Çünki biz strateji müttəfiqik, ən yaxın dövlətlərik. Azərbaycanın maraqlarına zidd addım atılacağını proqnozlaşdırmıram. Sadəcə, bu Türkiyə üçün məcburi bir çıxış yoludur. Başqa yolla Türkiyənin hərəkət etməsi üçün imkanları olduqca məhduddur. Dünyada yaranmış vəziyyət onu göstərir ki, Türkiyə həm Rusiya ilə, həm də İranla normal münasibətlər qurmaq istiqamətində addımlar gərəkli atmalıdır. Bu məsələdə gecikməməlidir. Çünki hər tərəfdən zərbə altında qalan bir ölkənin başqa çıxış yolu yoxdur”.

Bununla belə, F.Mustafa Ermənistanla sərhədlərin açılması məsələsində Azərbaycanın əleyhinə heç bir addım atılmayacağını düşünür: “Əlbəttə, heç bnir addım atılmayacaq. Çünki Türkiyə kimi bir ölkənin rəyinin nəzərə alınamsı Rusiya üçün də vacibdir. Məsələyə həm də bu kontekstdən yanaşılmalıdır”.

Qeyd edək ki, N.Zeybəkçi Avrasiya İqtisadi İttifaqı ilə bağlı açıqlama verib. Nazir ölkəsinin bu qurumla anlaşma sazişi imzalamaq niyyətində olduğunu deyib. Belə ki, İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara ittifaqla gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa İttifaqı ilə analoji sazişə mane olmasın”, – Zeybekçi əlavə edib.

Nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub. Özü də öncə rəsmi səviyyədə. Bu da təəccüblü deyil. Ona görə ki, Ermənistan Avrasiya İttifaqının üzvü olmaqla yanaşı, qardaş ölkə ilə həmsərhəd yeganə üzv ölkədir. Üstəlik, türk-erməni sərhədi həll olunmamış Dağlıq Qarabağ məsələsinə görə illərdir bağlı, Ermənistan isə təcriddə saxlanılır.

“Avrasiya İttifaqı ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var”, – bunu türk nazirin bəyanatını şərh edən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib. Xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib: “Birincisi, Aİİ-in gömrük məkanına qoşulmaq birliyin müqaviləsində nəzərdə tutulmayıb. Bundan əlavə, məhz Türkiyənin bu barədə danışması gülməli görünür, çünki Ankara birtərəfli qaydada Ermənistanla sərhədi bağlayıb - hansı ki, Aİİ-in Türkiyə ilə yeganə xarici sərhədidir”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər