9 Sentyabr 2017 09:21
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Myanmada səfərdə olmuşam. Səhv etmirəmsə, bu 1980-ci illərə təsadüf edib. O zaman mən Respublikanın Baş Maddi-Texniki Təchizat İdarəsində çalışırdım. Myanma o dövrdə Birma adlandırılırdı. Biz kommunist quruluşu zamanı bu ölkəyə rəsmi dövlət səfərinə getmişdik. Heç ağlıma gəlməzdi ki, uzun illərdən sonra Birmada müsəlmanları belə qıracaqlar. Hesab edirəm ki, bu vəhşilikdir.

Bu fikirləri Teleqraf.com-a Azərbaycanın sabiq baş naziri Rəhim Hüseynov Myanmada baş verənləri qiymətləndirərkən deyib.

Sabiq baş nazir müxbirimizlə söhbəti zamanı deyib ki, əslində, Birmada olsa da, indi bu ölkəni çox da xatırlamır:

“Biz ora dövlət səfərinə getmişdik. Orada bizi özləri gəzdirirdilər, heç imkan vermirdilər ki, özümüz şəhəri gəzək. Özləri bizimlə ora-bura gedib gəlirdilər. Açığını deyim ki, biz Birmada olanda heç ağlımıza gəlməzdi ki, qarşımıza müsəlman da çıxa bilər. Çünki biz SSRİ dövründə səfər etmişdik. O dövrdə isə müsəlman, xristian və ya buddizm kimi məzhəbi məsələlər yox idi. Biz insanlarla insan olaraq görüşürdük. Söhbət kommunizm dövründən gedir. Açığını deyim ki, Birma pis ölkə deyildi. Əksinə, təbiəti yaxşı idi və gəzməli məmləkət kimi yaddaşımda qalıb”.

Rəhim Hüseynov təəssüflə qeyd edib ki, indi Birmada müsəlmanları öldürür, yerlərindən qovurlar:

“Mən hazırda mətbuatı izləyirəm. Bilirəm ki, orada müsəlmanları qırırlar. Doğrusu, heç kin insan faciəsinə haqq qazandıra bilməz. Mən bu hadisəni vəhşilik və vandalizm hesab edirəm. Ümumiyyətlə, hər yerdə müsəlmanları qırırlar. Deyəsən burada ayrı məsələlər də var”.

Qeyd edək ki, Rəhim Hüseynov çox az sayda azərbaycanlılardan biridr ki, Myanmada səfərdə olub, bu ölkənin bir sıra yerlərini şəxsən görüb.


Müəllif: Cavad

Oxşar xəbərlər