İlk növbədə “Qərbi Ermənistan Konqresi” ifadəsinə diqqət etmək lazımdır.
Bunu Teleqraf.com-a açıqlamasında Türkiyədən olan bir qrup şəxsin Ermənistana, ordan da Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirən Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlı deyib.
O qeyd edib ki, bu ifadənin özü ermənilərin Türkiyəyə əsassız ərazi iddialarını ehtiva edir:
“Çünki onlar “Qərbi Ermənistan” dedikdə, Türkiyənin şərq vilayətlərini nəzərdə tuturlar. Səfər edənlər Türkiyənin əsasən erməni əsilli, Xalqların Demokratik Partiyasının (HDP) üzvləri, ona yaxın və iqtidara müxalif olanlardır. Bu şəxslər çıxışlarında etdikləri səfərlə Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırmaq üçün çalışdıqlarını deyirlər. Əslində isə tarixdə olmayan “erməni soyqımı”nı təbliğ və Türkiyə ərazisində separatçılığı təşviq edirlər”.
M.Qasımlı qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna və digər ərazilərinə edilən bu səfər bir neçə çirkin niyyət güdür:
“Səfərin Azərbaycan-Türkiyə münasibətlərini pozmağa və türk ictimai rəyində Ərdoğan hakimiyyətini gözdən düşürməyə çalışan mərkəzlərin layihəsi olduğu qənaətindəyəm. Səfəri təşkil edənlər yaxşı bilirlər ki, Azərbaycan dövləti Ermənistan tərəfindən işğal edilmiş ərazilərə səfər edənləri “qara siyahı”ya salır və axtarışa verir. Deməli, səfəri təşkil edənlər belə guman edirlər ki, həmin şəxslər Türkiyə tərəfindən həbs edilməsə və Azərbaycana verilməsə, iki qardaş ölkə və xalq arasında soyuqluq yaranacaq. Bu səfər həm də Türkiyə daxilində gedən partiyalararası siyasi mübarizənin təzahürlərindən biri olub, mövcud iqtidarın nüfuzunu aşağı salmağa yönəlib. Belə hallar həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına qəti şəkildə ziddir. Türkiyə hakimiyyəti qəti addımlar atmalıdır”.
Qeyd edək ki, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Katırçıoğlu sentyabrın 22-də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Faktla bağlı sentyabrın 28-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxslər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Onların tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq mühafizə-orqanlarına müraciət edilib.