ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarı məntiqə uyğun deyil və beynəlxalq hüquq normalarına ziddir. Çünki müxtəlif beynəlxalq qurumların, xüsusilə BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qətnamələri mövcuddur.
Bunu Teleqraf.com-a politoloq Fikrət Sadıqov Trampın məlum qərarından sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısının çağırılması və bu təşkilatın Trampın Qüdslə bağlı qərarına qarşı hansı addımları atacağını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, əslində cənab Trampın bu qərarı heç nəyi dəyişmir:
“Onsuz da Qüdsdə fələstinlilər və yəhudilər yaşayır. Heç bir dəyişiklik də baş verməyəcək. Trampın qərarında sadəcə olaraq, müsəlman və ərəb ölkələrini təhqir elementi var. Üstəlik bu qərar uzun illər ərzində davam edən Fələstin-İsrail danışıqlarına zərbə vurur. Müsəlman aləmi də bu addımı sakit tərzdə qəbul edə bilməzdi. İndi bu qərara Yaxın Şərqdə ciddi və sərt reaksiyalar verilir. Mən düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatında bu məsələlər ciddi müzakirə ediləcək. Bir həqiqət də var. ABŞ ərəb ölkələrindən asılıdır. ABŞ-ın qaz və nefti ərəb ölkələrindən gəlir. Bəzən ABŞ-da müəyyən dairələr bunu yaddan çıxarırlar. 1960-cı illərdə İsrail ərəb ölkələrini zəbt edəndə ərəb ölkələri ABŞ-a qarşı sanksiyalar tətbiq etmişdi. Bu da müəyyən böhrana səbəb olmuşdu. Çünki bir müddət ABŞ-a neft getməmişdi. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının toplantısında bir sıra təkliflər irəli sürülə bilər. Əgər islam ölkələri vahid mövqedən çıxış etsələr, bir sıra reallıqları dəyişə bilərlər. Həm neft, həm qaz, həm ticarət, həm də iqtisadi məsələlərdə müəyyən qədər əlaqələrin kəsilməsi, səfirlərin geri çağırılması baş verə bilər. Ancaq bir şərtlə ki, vahid mövqe olsun və islam ölkələri arasında ziddiyyət yaranmasın. Bu halda ABŞ başa düşər ki, məlum qərarların ardınca belə reaksiyalar ola və bu, ABŞ-ın maraqlarına zərər verə bilər”.
Fikrət Sadıqov deyib ki, əgər vahid mövqedən çıxış edilərsə, İslam Əməkdaşlıq Təşkilatının qərarları ABŞ-a təsir edə, effekt yarada bilər:
“Aydındır ki, islam dünyası ABŞ-a müharibə elan etməyəcək. Amma hər halda iqtisadi, siyasi, humanitar və diplomatik sahədə bir sıra qərarlar qəbul oluna bilər”.