Teleqraf.com Azərbaycanın keçmiş xarici işlər naziri, Qarabağ münaqişəsi üzrə təcrübəli ekspert Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikilikdə və daha sonra həmsədrlərin iştirakı ilə müzakirələr aparıb. 2018-ci ilin ilk Qarabağ müzakirələrini necə şərh edərdiniz?
- Əlbəttə, Krakov şəhərində keçirilən görüş və danışıqlar haqda geniş məlumat yoxdur. Amma ümumi vəziyyəti analiz edərkən belə qənaətə gələ bilərik ki, bu prosesin bir tərəfi olan Ermənistanın siyasi elitası günü-gündən radikal və aqrresiv bəyanatlarla çıxış edir. Bunun fonunda Ermənistanın mövqeyində dəyişikliklərin baş verəcəyi gözlənilən deyil. Bu dəyişikliklər baş verməsə, sözsüz ki, danışıqların uğurlu alınması da inandırıcı olmaz. Üstəlik danışıqlar prosesində yeni ideyaların olması inandırıcı deyil. Çünki konfliktlə bağlı müxtəlif variantlar dəfələrlə müzakirə edilib. İndi yeni və fundemantal ideyanın ortaya çıxması mümkünsüzdür. Təbii ki, Ermənistanın hər bir məsələyə mövqeyi qəti bəllidir. Həm bizə, həm də vasitəçilərə. Bu baxımdan yenilik və irəliləyişlər gözləmirəm.
- İrəliləyişin əldə edilməməsinə hər iki ölkədə keçiriləcək prezident seçkilərinin təsiri varmı?
- Mən deməzdim ki, 2018-ci ildə hər iki ölkədə keçiriləcək seçkilər Qarabaq danışıqlarına ciddi təsir göstərə bilər. Mənim fikrimcə, seçkilərin təsiri bir qədər şişirdilir. Ermənistanı götürsək, onların mövqeyi həddən artıq radikal olub. Yəni seçkilərin olub-olmaması onlara o qədər də təsir etmir. Təsəvvür edin ki, 2016-cı il aprel döyüşlərindən sonra Ermənistanın mövqeyi belə idi ki, təmas xəttini dövlət sərhəddi kimi qələmə verir və deyirdilər ki, “Qarabağ respublikasının” sərhədləri pozulub və bu pozulma aradan qaldırılmayınca, biz danışıqlar masasına qayıtmayacağıq. Artıq Ermənistanın mövqeyi o həddə çatıb ki, belə şeylər bəyan ediblər. İndi gözləmək ki, Ermənistanda kardinal dəyişikliklər olacaq, onlar işğal altında olan torpaqları azad edəcək, hesab edirəm ki, bu, kökündən sadəlöhv yanaşma olardı.
- Ermənistanın aqresssiv və radikal mövqeyi hansı halda dəyişə bilər?
- Hesab edirəm ki, onların mövqeyi iki halda dəyişə bilər. Bunun üçün onlara beynəlxalq ictimaiyyət o dərəcədə təzyiq göstərməlidir ki, nəticədə radikal mövqelərindən əl çəksinlər. İkincisi, Azərbaycan öz hüquqlarından istifadə edərək, işğalçıya elə zərbələr endirməlidir ki, qarşı tərəf işğalçılıq siyasətindən imtina etsin, geri çəkilsin. Bu iki hal baş verərsə, bu zaman Ermənistanın mövqeyində dəyişikliklər mümkündür.
Amma indiki mərhələdə görürük ki, Ermənistana təzyiqlər heç də lazımı səviyyədə deyil. Daha çox gözləyirdik ki, danışıqların monopoliyasını özündə saxlayan, bəzən təşəbbüslər irəli sürən Rusiyadan Ermənistana müəyyən təzyiqlər olacaq. Təəssüflər olsun ki, bu da baş vermədi. Və Lavrovun sonuncu bəyanatları onu göstərdi ki, belə təzyiqlər olmayacaq. Lavrov bildirdi ki, onlar təkliflər ediblər, amma tərəflər bunu qəbul etməyib. Lavrovun bəyanatı bir növ monopoliya prosesinin yekunu kimi görünürdü. Əsas nəticə də ondan ibarətdir ki, regionda ən yüksək nüfuza malik olan Rusiya Ermənistana təzyiq etmədi. Bu halda danışıqlar prosesinin bərpası və nəticələr gözləmək bir qədər sadəlöhvlük olar.
- Qarabağ konfliktini “danışıqlar nəticə vermir, müharibə yoxdur və cəbhədə sakitlikdir” şəklində qiymətləndirmək, təqdim etmək olarmı?
- Real danışıq yoxdur. Ermənistan real danışıqlara imkan vermir. İrəvanın mövqeyi real və uğurlu danışıqlar aparmaq üçün münasib deyil.
İkincisi, təmas xəttində gərginlik nisbətən azalıb. Ancaq bu heç də o anlamı vermir ki, real gərginliyin görünməyən hissəsini “orada tam sakitlikdir” şəklində qələmə verək. Əslinə qalsa, “gərginlik nəyə görə artacaq” sualı əhəmiyyət kəsb edir. Çünki danışıqlar prosesinə ümidlər vardı. İndi bu ümidlər mövcud deyil. Əgər belə ümidlər yoxdursa, deməli məntiqi baxımdan müharibə təhlükəsi daha real görünür. Mən vəziyyətə bu şəkildə baxıram. Aydındır ki, həmsədrlər çalışacaqlar ki, danışıqların imitasiyasını ictimaiyyətə göstərsinlər. Amma təəssüflər olsun ki, Azərbaycan ictimaiyyəti, eləcə də inanmıram ki, erməni ictimaiyyəti həmsədrlərin fəaliyyətinə real baxsınlar.
- BMT Baş katibi Antonio Quterres Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu canlandırmaq lazım olduğunu elan edib. Bunu necə qiymətləndirirsiniz? Niyə beynəlxalq ictimaiyyətin təzyiqlərini görmürük?
- Bu məsələdə ilk növbədə həmsədrlərin günahı böyükdür. BMT Qarabağ münaqişəsini ATƏT-ə və Minsk Qrupu deyilən formata tapşırıb. Təəfssüflər olsun ki, 10 illərlə davam edən prosesdə həmsədrlər nəticəyə gələ bilmirlər. O mənada nəticəyə gələ bilmirlər ki, Ermənistanın danışıqlara vaxt udmaq fürsəti kimi baxdığını, həqiqətdə isə real danışıqlara getmədiyini BMT-yə məruzə etmirlər. Əgər belə bir məruzə olarsa, fikrimcə, BMT də məcbur olub hansısa addımlar atmalıdır. Lakin təəssüflər olsun ki, bu baş vermir. Və Ermənistanın bu siyasəti ondan qaynaqlanır ki, bu gün dünyada əsas aparıcı oyunçular ona təzyiq etmirlər. Bəzi oyunçular, məsələn, Rusiya hətta Ermənistana silahı kreditlə satır, hərbi əməkdaşlığı gücləndirir. Bu da bir növ ehtiyatdır və Ermənistan bundan istifadə edərək, oyunlarını davam etdirir.
- Bəlli oldu ki, Ermənistanın hakim Respublikaçılar Partiyası Armen Sarksiyanı prezidentliyə namizəd olaraq irəli sürüb. Bundan nə gözləyirsiniz?
- Mən Ermənistanın daxili siyasətini analiz etmək istəməzdim. Amma bu cür proseslərin danışıqlara təsiri mövzusunda bəzi məqamlar aydındır. Danışıqlar prosesinin bu və ya digər mərhələlərində Ermənistana təsirlər olanda, onlar həmişə bir bəhanədən istifadə edirdilər - ictimaiyyət bu addımı qəbul etmir. Hətta ötən illərdə ermənilər guya İrəvanda kiminsə üsyan qaldıraraq polis alayının qərargahını tutmasına səbəb kimi konflikti göstərirdi. Guya üsyan qaldıranlar danışıqlar prosesinə qarşı çıxırdılar və deyirdilər ki, biz heç vaxt torpaqları azad etməyəcəyik. İndi isə Ermənistan parlamentli respublika üsuluna keçir. Bundan sonra erməni tərəfi ictimai rəyini bu vasitə ilə göstərəcək. Deyəcəklər ki, parlament bunu qəbul etmir, orada müxalifət var, torpaqları azad etməyə hazır deyilik və s. Bu mənada erməni tərəfinin siyasi manevr etməsi üçün təzə element yaranır. Bu da onların parlamentli respublika mexanizmidir.
- Hər halda Ermənistanın yeni prezidenti olacaq. Sizcə, bu erməni elitasında dəyişiklik, fərqli siyasətin izlənməsi üçün əsas yarada bilərmi?
- Gəlin, unutmayaq ki, bundan sonra Ermənistanda icra hakimiyyətinin başında prezident deyil, baş nazir duracaq. Baş nazir parlament vasitəsi ilə seçiləcək. Parlamentdə güclü olan partiya həm baş naziri seçəcək, həm də hökuməti formalaşdıracaq. Bu baxımdan yuxarıda qeyd etdiyim məsələlər ortaya çıxır. Orada deyəcəklər ki, biz icra hakimiyyətini təmsil edirik, amma danışıqlarda razılaşdırılan və ya təklif edilən filan təklifləri qəbul edə bilmərik. Çünki bu halda parlamentdə səs çoxluğu əldə etmək mümkün olmayacaq. Əvvəl deyirdilər prezident buna razı deyil və bunu sübut etmək üçün teatr səhnəsi qurudular, kimsə gedib polis idarəsini tuturdu. Bundan sonra belə oyunlara ehtiyac qalmayacaq, deyəcəklər ki, müxalifətimiz parlamentdədir və orada ciddi müzakirələr apararaq bu kimi səhnəciyi təkrar edə biləcəklər. Nəticədə də belə çıxacaq ki, konfliktlə bağlı erməni parlamentində yekdil mövqe yoxdur.
- Ermənistanda ciddi narazılıqların, daxili böhranın, yaşam şəraitinin çətin olduğu yeni məsələ deyil. Bu baxımdan prezident seçkiləri ərəfəsində bu ölkədə kataklizmlər gözləyirsinizmi?
- Hesab edirəm ki, Sarksiyan artıq Rusiyanın dəstəyini alıb. Erməni daxili siysətində isə Rusiyanın rolu çox güclüdür. Sarksiyan həm də Rusiyanın ona böyük miqdarda kreditlə silah satmasına nail olub. Ruslar da düşünür ki, onun maraqlarını təmin etmək üçün Sarjksiyan ən münasib fiqurdur. Bununla da Respublika Partiyası seçkilərdə özünə lazım olan qədər səs yazacaq, üstəlik parlamentdə də əsas partiya olacaq.
Ancaq Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir. Xaricdə, ələlxüsus Rusiyada işləyən ermənilər Ermənistana pul göndərməsələr, bu ölkədə iqtisadiyyat tamam çökər. Aydındır ki, orada daxili istehsalat, bazar yoxdur. Bu mənada Ermənistanda krizis həmişə var və bundan sonra da olacaq. Amma onları birləşdirən millətçi və populist siyasətdir. Bu məsələdə isə konsensus var. Bunun əsasında da işğal siyasəti davam edir və populist siyasətçilər daima erməni siyasətində öndə dururlar.