Hazırda Türkiyə Afrində əməliyyat aparır. Söhbət Türk Silahlı Qüvvələri tərəfindən aparılan antiterror əməliyyatından gedir. Dünya ictimaiyyətinin fərqli kəsimləri buna müxtəlif bucaqlardan baxır. Amerika ilə bağlı məsələyə gəldikdə deyim ki, Ankaranın bu əməliyyata başlamasının əsas səbəbkarı elə Vaşinqtondur.
Bu fikirləri Teleqraf.com-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında baş tutan danışıqları şərh edən politoloq Toğrul İsmayıl deyib.
Türkiyədə yaşayan politoloq bildirib ki, ABŞ bölgədə Türkiyəni hazırda terrorla hədələyən, gələcəkdə isə ərazi bütövlüyü ilə təhdid edəcək terrorçulara silah verir və onları gücləndirir:
“Əgər diqqət etdinizsə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Türkiyə və Rusiyanın bu həddə gəlib çıxmasına ABŞ-ın səhv siyasətinin səbəb olduğunu qeyd etdi. Bu səbəbdən ikili görüşlər və müzakirələrin aparılması vacibdir. Ərdoğan-Tramp müzakirələrinə də bu çərçivədə baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı heç də Amerikanın işinə yaramır”.
Politoloq hesab edir ki, telefon danışığından sonra Ağ Evin bir, Türkiyə Prezident Administrasiyasının isə tam başqa səpkili açıqlama yaymasına normal yanaşmaq lazımdır:
“Bunun səbəbini indiki siyasətə bağlamalıyıq. Çünki hər bir dövlətin öz marağı və bu marağı həyata keçirən siyasəti var. Açıqlamalarda da hər bir tərəf öz maraqlarını önə çəkib. Qısaca onu demək olar ki, Türkiyə tərəfi başlatdığı əməliyyatları davam etdirəcək. Nəzərə alın ki, Ərdoğan-Tramp müzakirəsindən əvvəl ABŞ Dövlət katibi Tillersonla Türkiyə Xarici İşlər naziri Çavuşoğlu arasında görüş keçirilib. Ancaq biz bu görüşdə də razılığın əldə edilmədiyini görürdük. Əgər razılıq yoxdursa, Türkiyənin maraqları nəzərə alınmırsa, bu halda Türkiyə öz təhlükəsizliyini təmin etmək və terrorizmə zərbə vurmaq üçün addımlar atmaqda davam edəcək”.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında telefon danışığı baş tutub. Müzakirələrdən qısa müddət sonra Ağ Evin saytında liderlərin apardığı müzakirələrin mahiyyəti ilə bağlı informasiya yerləşdirilib. Qeyd edilib ki, Tramp müzakirə zamanı Afrin əməliyyatı ilə bağlı “artan şiddətə qarşı narahatlıq” ifadəsi işlədib.
Lakin Türkiyə Prezident Administrasiyası Ağ Evin saytında yerləşdirilən informasiyanın aparılan müzakirələrin mahiyyətini tam ifadə etmədiyini qeyd edərək bildirib ki, informasiyada Tramp tərəfindən səsləndirilməyən fikirlərə yer verilib.