Afrin əməliyyatını operativ taktiki baxımdan qiymətləndirilməsi haqda hərbçi mütəxəssislər dəqiq fikir söyləyə bilər. Onu deyim ki, əksər mütəxəssis və ekspertlər öncədən deyirdilər ki, Afrin bölgəsi dağlıq ərazidir, burada xarici dəstək sayəsində PKK, YPG və PYD gücləndirilmiş, müasir müdafiə sistemi qurub.
Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər Türkiyənin “Zeytun budağı” əməliyyatı və əməliyyat çərçivəsində hələ də Afrinin türk əsgəri tərəfindən əldə edilməməsi, eləcə də yaranan çətinlikləri şərh edərkən deyib.
Mütəxəssis bildirib ki, Türkiyə beynəlxalq ictimai rəyi nəzərə alaraq əməliyyat rayonunda mülki əhalinin itkisinə yol verməmək, eyni zamanda öz əsgərləri arasında itkiləri minimuma endirmək məqsədilə maksimum ehtiyatla hərəkət edir:
“Bu səbəbdən də Suriyada keçirilən əməliyyatın zamanı əhəmiyyətli deyil. Önəmli olan inam və uğurla irəliləməkdir. Sözsüz ki, vaxt uzandıqca problem də yaranır. Nəzər alın ki, qarşıda dünyanın super gücünün dəstək verdiyi, assimetrik mübarizə yollarını yaxşı bilən və döyüş təcrübəsi olan qüvvə var. Üstəlik unutmayaq ki, bu qüvvə yerli şəraiti daha yaxşı bilir. Ən əsası isə bu qüvvə müdafiə vəziyyətindədir. Hərbi qaydalara görə hücum edən tərəfin itkiləri daha çox olmalıdır. Amma buna baxmayaraq, itkilər arasında porodoksal fərq var. Müdafiə edilən tərəfin itkilərinin sayı artıq minə yaxınlaşır. Bu da, ilk növbədə Türkiyənin döyüş qabiliyyətinin yüksək olmasından, silah sistemlərinin masir və dəqiq olmasından xəbər verir”.
Bununla belə, Sülhəddin Əkbər hesab edir ki, əməliyyatın uzanması Türkiyə üçün ciddi problemlər yaratmayacaq:
“Fərat Qalxanı əməliyyatı da uzun müddət çəkdi. Əslində “Zeytun budağı” əməliyyatının konkret nə zaman başa çatacağı açıqlanmasa da, təxminən iyunun əvvəlinə qədər davam edəcəyi planlaşdırılıb. Mayın sonunda Afrin əməliyyatının bitirilməsi, iyun ayından isə Menbiç əməliyyatının başladılması nəzərdə tutulur. Yəni maya qədər əməliyyat davam edəcək. İlk olaraq strateji yüksəkliklərin nəzarətə götürülməsi və yaranan istiqamətlərin birləşdirilməsi, sonra yaşayış məntqələrinin ələ keçirilməsi mərhələsi gəlir. Xüsusilə, Afrinə yaxınlaşdıqca iri yaşayış məntəqələrində itkilər çox ola bilər. Odur ki, Afrin ətrafı tam təmizlənəcək və Afrin mühasirə edildikdən sonra şəhər daxilində yalnız xüsusi təyinatlılar fəaliyyət göstərəcək. Başqa sözlə, xüsusi hazırlıq keçən, yaşayış məskənlərində döyüş təcrübəsi olan hərbi birliklərdən istifadə olunacaq. Bildiyiniz kimi, Türkiyənin şimal şərq hissəsində son zamanlar aparılan əməliyyatlarda, eyni zamanda Fərat Qalxanı əməliyyatı zamanı bu sahədə ciddi təcrübə toplanılıb. Yəqin ki, böyük təcrübəsi olan jandarma və xüsusi təyinatlılardan istifadə ediləcək. Məncə, mümkündür ki, ordu sıralarında olan xüsusi qüvvələr burada işə qarışmasın. Daxili İşlər Nazirliyinin qüvvələr Azad Suriya Ordusunun xüsusi birlikləri ilə birgə hərəkət edəcək. Əgər ehtiyac yaranacağı təqdirdə mümkündür ki, ordunun xüsusi təyinatlılarından istifadə edilsin”.