Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-“Çağrı mərkəzi”inə edilən müraciətlərin 35 faizi sorğu xarakteri daşıyıb
Teleqraf.com-un ƏƏSMN istinadla verdiyi məlumata görə, iyul ayında nazirliyə 142-“Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən ümumilikdə 2877 müraciət daxil olub.
Müraciətlərin 35 faizi ƏƏSMN-nin ayrı-ayrı fəaliyyət sahələrində aparılan islahatlar, xüsusən cari ilin 1 iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar olaraq sorğu xarakteri daşıyıb. Ümumi müraciətlərin 1341-i əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı, əməyin mühafizəsi, 1158-i sosial təminat növlərindən istifadə və müavinət məsələlərini əhatə edib. Həmçinin əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair 171, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 207 müraciət daxil olub.
142-“Çağrı mərkəzi”nə edilən hər bir müraciət qeydə alınaraq, nazirliyin aidiyyatı struktur bölmələri ilə birgə operativ və obyektiv şəkildə araşdırılıb və qanunauyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar isə müvafiq izahat işləri aparılıb.