Başa düşməliyik ki, Hacıbala müəllim ona rəhmətlik Rafael Allahverdiyevdən miras qalan “budka” və çadır köşklərin tüğyan elədiyi paytaxtın simasının dəyişməkdə ilk illər danılmaz xidmətlər göstərdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc “Yeni Musavat”a geniş müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Bəs millət vəkili eks-meri baş nazirin müavini kimi yararlı kadr sayırmı sualına belə cavab verib:
“Lakin sonralar o, yalnız müxtəlif lətifələrin istehsalçısına çevrildi, fontan və parkların gətirdiyi mənzərəyə vahid baş plan əsasında qurulan şəhər ansamblını əlavə etməyə qadir olmadı. Baxmayaraq ki, ondan kənarda dövlət rəhbərinin aldığı qərarlar Bakını gerçəkdən də Qafqazın zümrüdünə və Şərqin göz oxşayan tablosuna çevirdi, əvəzində şəhər meri öz həmkarlarından, məsələn, Moskva meri Sobyanindən qat-qat zəif və töküntülü bir obrazda cəmiyyətdə ad çıxardı. Onun musiqili söküntü qərarı sadəcə acı gülüş doğururdu, halbuki paytaxt meriyası kimi ciddi bir idarəçilik sütunu onlarla layihəyə müəlliflik edər, büdcədən bir qəpik də almadan xalqa xidmət göstərərdi. Ona görə də ölkə başçısının verdiyi qərarı Hacıbala Abutalıbovun şəxsiyyətindən daha çox, onun siyasi mənsubiyyətinə, xidmət illərinə və sədaqətinə görə göstərdiyi mərhəmət nümunəsi hesab edirəm”.
Zahid Oruc fikrini daha aydın izah etmək üçün bir analogiya aparıb:
“Yaxşı xatırlayıram, demokratik hərakatın öncüllərindən olan Moskva meri Qavril Popovun obrazı necə cəlbedici idi və hamı onu öz kumirinə çevirmişdi. Hətta lenincəsinə papağı əlində xanımı ilə birgə milyerderə çevrilən Lujkov da tamam fərqli miqyasa malik idi. Bakının meri mühüm siyasi vəzifədir. Ona təsərrüfatçı qayğıları ilə, tikinti və xidmət sektoru ilə bərabər, məhz vacib dövlət sütunu kimi yanaşmaq lazımdır”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Yeni təyinat olmayıb.