Aprel sosialist inqilabını ancaq kommunistlər etməyiblər, bu, olduqca yanlış fikirdir. Kommunistlər sadəcə xalq narazılığına rəhbərlik edərək inqilabın avanqardı qismində çıxış edib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov özünün Feysbuk səhifəsində bəyan edib.
Kommunist Abdinov iddia edib ki, inqilabı kommunistlərin rəhbərliyi ilə islamçısıyla, türkçüsüylə, müsavatçısıyla bütün Azərbaycan xalqı edib:
“Radikal islamçılar olan ittihadçılardan tutmuş Bakıdakı türk paşalarına (Ənvər Paşa və Nuru Paşa da həmçinin), kamalçılara, müsavatçı Hacınskilərə, Məhəmməd Hadilərə qədər hər kəsin aprel sosialist inqilabını alqışlamaları inqilabımızın sosial bazasının necə geniş olmasının bariz sübutudur”.
Xatırladaq ki, 1920-ci ilin aprelin 20-də bolşeviklər XI Qızıl Ordunun köməyi ilə Şərqin ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətini devirərək ölkəmizi işğal edib. 1920-ci il aprelin 28-də baş verən qanlı işğal günü müstəqillik tariximizdə ən ağır, ən kədərli və hüznlü günlərdən biri kimi qeyd edilir.
Azərbaycan kommunistləri isə müstəqil Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsinin 98-ci ilini belə özlərinin “qürur” günü kimi qeyd edirlər.