Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Bərdə sakinləri ilə görüşdü.
Teleqraf.com xəbər verir ki, Qoşqar Təhməzli səfər çərçivəsində Bərdə Regional Mərkəzin iş şəraitinə də baxış keçirib.
Bərdə Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayıb.
Daha sonra Qoşqar Təhməzli iyulun 1-dən etibarən qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi Bərdə "ASAN xidmət" mərkəzində ayrılmış bölməyə baxış keçirib. O, mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqini təmin etmək olduğunu bildirərək qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı göstəriş və tövsiyələrini verib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Agentlik sədri vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.
Görüşə gələn vətəndaşlar əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qoşqar Təhməzli sakinləri qəbul etdikdən sonra müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.