Dünyada “Made in Azerbaijan” markasını təmsil edən “Sumqayıt Texnologiyalar Parkı” (STP) daha bir ilkə imza atıb.
Teleqraf.com-un məlumatına görə, STP Azərbaycanda ilk dəfə olaraq xarici bazara yanğına davamlı “halogen-free” kabel məhsullarının ixracını həyata keçirib.
Müəssisə Qazaxıstanın ərazisinə və əhalisinə görə ən böyük şəhərlərindən olan Qızıl Ordada yeni “Kyzylorda Plaza” layihəsinin icrası üçün böyük həcmdə kabel məhsulları ixrac edib.
Qeyd edək ki, ümumi sahəsi 30 min kvadrat metr ərazidə inşa edilən “Kyzylorda Plaza” Qazaxıstanın ən iri alış-veriş mərkəzlərindən biri olacaq. Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir.
STP gələcəkdə Asiya bazarına olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.
Müəssisənin kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabət qabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.