Azərbaycanda radikalizmlə bağlı görüşlər keçirilirsə, dövlət orqanları tərəfindən müəyyən narahatlıq bildirilirsə, bu o demək deyil ki, dövlətin bu sahədə hər hansı zəifliyi var.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Pənah Cahangirov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini radikalizm" mövzusunda keçirilən konfrans zamanı deyib.
Administrasiya rəsmisi qeyd edib ki, dövlətin gücü hər hansı xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir: "Hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi".