Sentyabrın 15-də Bakının düşmən işğalından azad olunmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd edildi. Bugün isə dahi bəstəkar, publisist, Azərbaycan Cümhuriyyəti dönəmində rəsmi dövlət qəzetinin redaktoru Üzeyir bəy Hacıbəylinin doğum günü idi. Hər iki gün münasibətilə Teleqraf.com Üzeyir bəy Hacıbəylinin “Qurtuluş” adlı məqaləsini təqdim edir.
Məqaləni ərəb əlifbasından Türkiyənin Marmara Universitetinin əməkdaşı, türkoloq alim Mehdi Gəncəli transliterasiya edib.
***
Qurtuluş
Şu qarşıkı duman çıxan bacadan
Sən gəlmədən iniltilər çıxardı
Geciksəydin məzlumların fəryadı
Yeri, göyü, kainatı yıxardı
Cavad
Rusiya, o yekə Rusiya, cahanşümul müharibənin taqət-fərsa [gücdən salan] zərbələrinə davam edə bilməyib yıxıldı. Yıxılarkən cəbhələr açıldı, cəbhələr açılacaq. Müqabil tərəfin qoşunları müxtəlif yerlərdən Rusiyanın torpağını basmağa başladı. O torpağın bir hissəsi də Qafqaz idi ki, müqabil tərəfin, yəni alman və türklərin qoşunları tərəfindən müharibə siyasətinə görə işğal edilməsi icab edirdi. Lakin türkləri, türk əsgərini, türk zabitini və paşasını Qafqaza gətirən yalnız bir siyasət hökmü deyildi. Bu hökm, ikinci planda idi. Birinci planda olan hökm isə milliyyət iqtizasının əmri ilə sadir olmuş və vacibul-əməl [əməl olunması vacib olan] bir hökm idi ki, hər bir türkün onu kağız üzərində deyil, öz qəlbində, öz sinəsində yazıldığını hiss edib yerinə gətirmək və yerinə yetirmək üçün şövq-ü həvəslə irəliləyirdi. O hökm belə əmr edildi ki, dini dinindən, dili dilindən olan qardaş və bacılarını, ata və analarını xain zalımların, namərd xasirlərin və həyasız qasiblərin zülm çəngəlindən (xilas etsin)!
Əvət, o zaman idi ki, Azərbaycanın mühüm nisfi [əsas hissəsi] abad və mamur ikən, xarabazara döndürülmək üzrə xain və xasirlərin murdar çəkmələri altında əzilməkdə idi. Azərbaycan füqəra-yi kasibəsinə cənnət vəd edib də cəhənnəm göstərənlər, öz qüvvələri az imiş ki, daşnak köməyinə də təm [tamah] etməkdən iyrənməyib türk övladlarının haqqını qəsb, canının qətl, malını qarət və evini viran etməklə “qrajdan” müharibəsi bəhanəsi ilə bir milləti yer üzündən məhv-ü nabud etmək kimi divanə-var [dəli kimi] bir cinayət icrasına məşğul idilər.
Topu, tüfəngi, makinəsi, təyyarəsi və bitməz tükənməz cəbbəxanası olan cəlladlara qarşı əli boş müsəlman nə edə bilərdi? Tələf olub gedərdi, ölərdi. Bir-bir, iki-bir, yüz-bir, min-bir tələf olub gedərdi. Bir az qalmışdı ki, canilər cinayətlərini itmama yetirib [tamamlayıb] bütün Bakı quberniyasını türk övladından təmizləyəcəkdilər.
Əcəba bu nə müharibə idi, bu nə qırğın idi? Deyirlər ki bu “qrajdan” müharibəsi, sinif müqatiləsi idi. Yəni bolşevikler füqəra-yi kasibə xatiri üçün burjuvalarla müharibə edirdilər. Lakin bu yalandır. Bunun böyük yalan olduğunu isbat edən minlərcə müsəlman füqəra-yi kasibəsinin meyyitləridir ki, bolşevik qoşunu tərəfindən “müsəlman olduqlarına görə” çox rəhmsiz bir surətdə öldürülmüşdülər.
Bəs bu nə idi? Bu siyasi və milli bir müharibə idi. Siyasi tərəfini yeridən bolşeviklər idilər ki, bizə “istiqlal əvəzinə xarabazarlar göstərmək” vəd etmişdilər. Milli tərəfini də iltizam edən daşnaklar idi ki, bunlar da “əlimizə yaxşı fürsət düşüb” deyə qanlarına yeriklədikləri müsəlmanları qırıb qurtarmaq istəyirdilər. Bu idi. Lakin cəlladlar cinayətlərini axıradək itmama yetirə bilmədilər. Haq ordusu, məzlumların imdadına yetişdi və düşməndən neçə qat az olduğu halda müharibəyə girişib düşməni basdı və qaçırtdı. Qanlı əllər Azərbaycan üzərindən dəf olcaq yaralı və sitəm-didə [zülm görmüş] vətənimiz, hökumət-i millətin [milli hökumətin] səy və itmamı sayəsində yavaş yavaş öz adi halına düşüb, bu gün o dərəcə bir asudəliyə çatıbdır ki, bolşevik və Denikin “diyar”larından gələnlərin sözlərinə görə burası oralara nisbətən bir behişt və cənnət misalındadır.
Bu gün qurtuluş və xilasımız yolunda canlarını qurban verib bizə bu dünyada cənnət göstərməklə özlərini o dünyanın behiştinə vasil edən şühəda-yi möhtərəmənin [möhtərəm şəhidlərin] məzar-i əzizləri [əziz məzarları] üzərində fatihə-xan olmaqla [fatihə oxumaqla] özlərini yad və ruhlarını şad etmək hər bir türkün və ümum İslam əhlinin müqəddəs vəzifəsidir.
Hacıbəyli Üzeyir, Azərbaycan, no. 274, 15 Sentyabr 1919.