Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdarda baş verən sürüşmə ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətidən Teleqraf.com-a verilən məlumata görə, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Badamdar sürüşmə sahəsində bu il oktyabrın 1-də növbəti monitorinq aparılıb.
Monitorinq zamanı sürüşmə kütləsinin üzərində yeni çatların, qırılmaların, gölməçələrin və inşa edilmiş istinad divarında deformasiyaların əmələ gəldiyi müşahidə edilib. Sürüşmə sahəsinin aktivləşməsi barədə Nazirlər Kabinetinə və aidiyyəti icra strukturlarına məlumat verilib və Nazirliyin mütəxəssisləri tərəfindən ərazidə növbətçilik təşkil olunaraq mütəmadi müşahidələr aparılıb.
Oktyabrın 12-də sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub.
Sürüşmə sahəsindəki gərginlik nəzərə alınaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Qərargah yaradılıb.
Qərərgahdan verilən məlumata görə, oktyabrın 13-də saat 07:50 radələrində sürüşmə kütləsi hərəkətə gələrək avtomobil yoluna tökülüb. Saat 09:00-da isə istinad divarı 5-7 metr aşağıya doğru hərəkət edib.
Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Qərargah tərəfindən yaradılmış növbətçılık əsasında mütəmadi müşahidələr aparılır.