Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.
"Teleqraf.com-un xəbərinə görə, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.
Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verib ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cu ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.
Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
Dövlət başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.