7 Noyabr 2018 14:23
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən seçkilərin qalibi Amerika və demokratiya olub. ABŞ-ın ikipartiyalı sisteminin nümayəndələri birgə işləyərək, ölkənin mənafeyini qorumağa məcbur olacaqlar.

Bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına keçirilən seçkilərin nəticəsini Teleqraf.com-a şərh edən deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, hazırda hakimiyyətdə olan Respublikaçılar Partiyası Senatda üstünlüyünü bir qədər də artıra bilib:

“Demək olar ki, yuxarı palatada idarəetmə onların nəzarətində qalacaq. Demokratlar Partiyası isə Təmsilçilər Palatasında qalib gəldiyi üçün öz nəzarət imkanlarını artırıb. Seçkinin sonunda həm ABŞ prezidenti, həm də demokratların lideri məhz əməkdaşlıq mesajları ifadə etdilər. İkipartiyalı idarəetmə və dövlət maraqları haqqında mesajlar verildi. Buna da böyük ehtiyac vardı. ABŞ-da seçki öncəsi emosiyalar siyasətə öz mənfi təsirini göstərirdi. Seçkilərdən sonra ölkə güclənə, siyasi sabitlik möhkəmlənə bilər. ABŞ-da bir ənənə var. Hər zaman icra orqanına nəzarət üçün qanunvericilik orqanda müxalifətin gücü daha çox olmalıdır. Bu ənənə dünən keçirilən seçkilərdə özünü bir daha göstərdi”.

Asim Mollazadə vurğulayıb ki, bu seçkilərdən sonra Demokratlar Partiyası güclənib: “Təmsilçilər Məclisində üstün olmaları onlara imkan yaradacaq ki, qərarlar məhz iki partiyanın razılığı ilə qəbul olunsun. Yəni Trampın keçirmək istədiyi qanunlar demokratlarla razılaşdırılmalıdır. Əks halda bu qanunlar keçməyə bilər. Senatda isə Respublikaçılar Partiyası güclü olduğu üçün demokratlar icra orqanının siyasətini poza bilməyəcək. Yəni hər şey razılaşma, konsensus əsasında olmalıdır. Trampın impiçmenti isə mümkün olmayacaq. Əksinə, Tramp siyasətini Təmsilçilər Palatası ilə razılaşdırma əsasında davam etdirə bilər. Yəni tarazlıq, konsensus siyasəti davam edəcək”.

Sonda müsahibimiz qeyd edib ki, Tramp qaçqınlar, miqrantlar və digər ziddiyyət yaradan məsələlərdə Demokratlar Partiyasının mövqeyini nəzərə almalı olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər