Ermənistanda milli dövlətçiliyin təməlinin 1990-cı ilərdə düzgün qurulmaması, əsas strateji xəttin qonşu dövlətlərin ərazisinin işğalına yönəlməsi gələcək problemlərin əsasını qoydu. Bu ilin aprelində baş verənlər əslində Köçəryan-Sərkisyan hakimiyyətinin apardığı siyasətin acı nəticələri idi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, polis və hərbi güclə qorxudulan Ermənistan cəmiyyəti yeni bir situasiya arzuladı, buna görə də az tanınan, bununla belə populist kimi parlamentdə özünü artıq tanıtmış Nikol Paşinyanın arxasınca getdi:
“Bu gün Paşinyanın Ermənistanda problemlərin həlli ilə bağlı hər hansı konkret proqramları yoxdur. O situasiyaya görə dəyişir. Onun nə daxili, nə də xarici siyasətlə bağlı hər hansı proqramı yoxdur. Buna görə də Ermənsitanda yeni bir Nikol Paşinyan hərəkatının əmələ gəlməsi tamamilə gözləniləndir”.
A.Mirzəzadə qeyd edib ki, bir tərəfdən Ermənistan Köçəryan-Sərkisyan dövrünə qayıtmaq istəmir. Digər tərəfdən Paşinyan da aprel-may aylarında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir:
“Bu gün Ermənistanda iqtisadi inkişafdan söhbət gedə bilməz. Sosial vəziyyət çox ağırdır. Əhalinin sayı durmadan azalır və bu katastrofik bir səviyyəyə gəlib çatıb. Ermənstanın qısa zamanda bütün qonşuları ilə düşmənçilik səviyyəsinə gəlib çatması, əsas müttəfiqi Rusiya ilə münasibətlərinin gərginləşməsi göz qarşısında olan məsələdir. Bu baxımdan Ermənistan qarşıda duran ağır problemlərin həlli üçün yeni situasiya arzulayır. Ancaq yeni situasiyanın kim tərəfindən yaradılacağı və nə vaxt olacağını demək çətindir. Ola bilsin ki, Paşinyan seçkidən sonra artıq nisbətən tələbələrə cavab verən bir proqram ortaya qoysun. Ola bilsin ki, elə Paşinyan hakimiyyətinin içində bir çevriliş olsun və yeni bir qrup hakimiyyətə gəlsin. Ancaq bir şey gün kimi aydındır; Ermənistan nə qədər ki, qonşu dövlətlərə torpaq iddiasından əl çəkməyib, Azərbaycan torpaqlarının işğalından imtina etməyib, orada hansısa müsbət dəyişikliklərin baş verməsi qeyri-mümkün məsələdir. Paşinyanlar gəlib gedəcək, ancaq Ermənistan ağır vəziyyətdə qalacaq”.
Müsahibimiz əlavə edib ki, Dağlıq Qarabağ məsələsinin Ermənistan üçün faciəli bir problem olduğunu Ermənistanda tək-tük insanlar dilə gətirirlər. Ancaq təəssüf ki, bu kütləvi halda deyil:
“Ermənistan cəmiyyəti hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayır. Yəni, Ermənistanda situasiya ilk növbədə bu faktorlara görə hər an dəyişə bilər”.