7 Dekabr 2018 22:57
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandakı seçkilər seçicilərdən çox xaricdən idarə edən qüvvələrdən asılıdır. Rəsmi İrəvan Şimalla Qərb arasında oynayır. İndiyədək Ermənistan hər iki tərəfdən bəhrələnmək istəyirdi. Artıq Ermənistanın qarşısında konkret şərt qoyulub ki, seçkidən sonra hansı tərəfə istiqamət götürəcəksən”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, Sankt-Peterburqda çox güman Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətləri olub:

“Ermənistan qəti mövqeyini bildirməlidir ki, hansı istiqamətdə inkişaf edəcək. Əvvəlki kimi, yenə Rusiyanın himayəsində olacaq, yoxsa Rusiyaya xəyanət edib himayədən çıxıb Qərbyönümlü olmaq istəyir. Nəticəni bu müəyyən edəcək. Müşahidəçilər də həmişə olduğu kimi, seçkilərdəki qanun pozuntusuna göz yumacaqlar. Çünki onlar Ermənistanı özünün ərköyün balası kimi saxlayırlar, seçki pozuntularını qabartmırlar”.

Elman Məmmədov qeyd edib ki, sabiq prezidentlər Robert Köçəryanla Serj Sərkisyan komandasının hələ də siyasi və hərbi sahədə nüfuzu və gücü qalmaqdadır:

“İşğal olunmuş ərazilərimizdə mövcud olan separatçı cinayətkar qondarma qurum Paşinyanı qəbul etmir. Paşinyan da bunları neytrallaşdırmaq üçün artıq tədbirlər hazırlayır. Bunlar da öz gününə ağlamaq üçün çalışacaqlar ki, müəyyən tərəf kimi çıxış eləsinlər”.

Deputat Robert Köçəryanın həbs olunmaq təhlükəsi altında olduğunu vurğulayıb:
“Erməni yalı ilə danışan Konstantin Zatulin özündən də betər, vaxtilə ATƏT-də Minsk qrupunda həmsədr olan Vladimir Kazimirovu yanına alıb Ermənistanda “Lazarev klubu” yaratdı. O klub əslində Lazaryandır. Onlar vaxtilə ermənilərin İrandan köçürülməsi, türklərə qarşı düşmənçilik edən həmin Lazarevlərdir, o törəmələrdir. Köçəryanın dəvətilə Zatulinlə Kazimirovun gəlişi təsadüfi deyildi, bir növ Ermənistandakı bugünkü siyasətə meydan oxudular. Bu saat Ermənistanda vəziyyət çox qarışıqdır. Ermənistanın çalxanacağı şübhəsizdir, nələrsə olacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər