19 Yanvar 2019 16:57
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin bəyanatında ifadə olunub.

Bəyanatda deyilir: “Son zamanlar liderlər arasında keçirilən görüşlər, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin apardıqları danışıqlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində atılmış müsbət addımlardır”.

Bəyanatda qeyd olunur ki, Aİ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşdə hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsindən və danışıqlar prosesinin daha da fəal aparılmasından konkret nəticələr gözləyir.

Aİ-nin bəyanatının sonunda vurğulanır: “Bundan başqa, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa və bütün Cənubi Qafqaz regionunun rifahı naminə dayanıqlı sülhə nail olmağa çağırır. Cənubi Qafqaz regionunda olan potensialı reallaşdırmağa kömək edəcək möhkəm sülhün bərqərar olması hamının mənafeyinə uyğundur”.


Müəllif: Teleqraf.com