“Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısı tərəfindən atılan addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafına xidmət edir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Komitə sədri qeyd edib ki, bəzi qüvvələr ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdırmır: “Azərbaycan əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışaraq bu məsələləri öz adlarına çıxmaq istəyirlər. Azərbaycan prezidentinin şəhid ailələrinə ayırdığı birdəfəlik yardımla bağlı məsələdə bunun şahidi olduq".
Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və sonda mühüm addımlar atıldı: “Ancaq Azərbaycan əlayhinə işləyən qüvvələr əhalini aldatmağa çalışırlar. Halbuki ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, müzakairələr gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Bir qrup xaricdə oturan, bu gün böhtan kampaniyası aparanlar bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar. İddia edirlər ki, guya mitinqdən sonra bəzi addımlar atılıb. Bu tamamilə yalandır”.
S. Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: “Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiyaya verərək, problemlərin aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin strategiyası olduğunu başa salmalıyıq”.